ABŞ və Cənubi Koreya tarixdə ən böyük birgə hərbi təlimə başladılar - FOTO

ABŞ və Cənubi Koreya bu gün tarixdə ən böyük birgə hərbi təlimə başlayıblar. Bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat verib.

Bildirilib ki, “Vigilant Storm” adlı təlim noyabrın 4-dək davam edəcək və 240-dək hərbi təyyarə təxminən 1600 döyüş əməliyyatında iştirak edəcək. Bu, hər il keçirilən tədbirin tarixində ən böyük rəqəmdir. 

Müttəfiqlərin sözlərinə görə, bu cür təlimlər zəruridir. Belə ki, bu təlimlər il ərzində rekord sayda raket buraxılışı həyata keçirən, həmçinin 2017-ci ildən bəri ilk dəfə nüvə sınaqlarını bərpa etməyə hazırlaşan Şimali Koreyanın potensial təhdidlərinə qarşı çıxmaq üçün əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Şimali Koreya birgə təlimlərə qəti şəkildə qarşı çıxıb.