ABŞ Putinin aqressiyanı cilovlamaq istəyini görmür - Psaki

ABŞ Ukrayna və Rusiya tərəfləri arasında danışıqlar prosesini dəstəkləyir, lakin Rusiyanın eskalasiyadan əl çəkməyə və hücumu dayandırmağa hazır olduğuna dair heç bir əlamət görmür.

Bizimxeber.az bildirir ki, bunu Vaşinqtonda keçirdiyi brifinqdə Ağ Evin sözçüsü Cen Psaki deyib.

“Biz, əlbəttə ki, ukraynalıların bu görüşlərdə və danışıqlarda iştirakını dəstəkləyəcəyik, əgər onlar bu görüşlərdə iştirak etmək niyyətindədirlərsə”, - ABŞ administrasiyasının sözçüsü bildirib.

O, ABŞ-ın iqtisadi, humanitar və müdafiə yardımı göstərməklə Ukraynanın mövqeyini gücləndirməyə çalışdığını vurğulayıb.

Ağ Evin sözçüsü Rusiya tərəfinin gərginliyi azaltmaq niyyətində olmamasına baxmayaraq, deeskalasiyaya nail olmaq üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb: "Hələ ki, biz prezident Putinin hücumu dayandırmaq və ya gərginliyi azaltmaq üçün hər hansı bir addım atdığına dair heç bir dəlil görmürük" 

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Podoliak bildirib ki, növbəti iclas martın 15-də olacaq. Hazırda alt qruplarda əlavə işlər və dəqiqləşdirmələr aparılır.