ABŞ Orbanın ən yaxın adamına sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Macarıstan hökumətinin yüksək rütbəli rəsmisi və baş nazir Viktor Orbanın ən yaxın adamlarından biri olan Antal Roqana qarşı sanksiyalar tətbiq edib.

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin verdiyi məlumatda deyilir.

Antal Roqan bütün dünyada ciddi insan haqları pozuntularında və korrupsiyada təqsirli olan insanların mühakimə olunmasını nəzərdə tutan “Maqnitski Aktı”na əsasən ABŞ-ın sanksiya siyahısına salınıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Roqan Macarıstanın baş nazirinin aparat rəhbəridir və o, bir sıra dövlət qurumlarına, o cümlədən Milli Rabitə İdarəsi, Rəqəmsal Hökumət Agentliyi və Macarıstan Turizm Agentliyinə nəzarət edir.

“Hökumətdə işlədiyi müddətdə Roqan Macarıstanın dövlət müqavilələri və resurslarının ona yaxın, ona sadiq olanlar və Fidesz siyasi partiyası arasında bölüşdürülməsi sistemini təşkil edib”, - mesajda deyilir.

Sanksiyalara əsasən, ABŞ-ın Antal Roqanla bağlı bütün aktivləri, eləcə də Roqanın birbaşa və ya dolayısı ilə səhmlərinin 50%-dən çoxuna sahib olduğu şirkətlər dondurulacaq.

Qeyd edək ki, Antal Roqan Macarıstanın ABŞ-ın sanksiya tətbiq etdiyi ilk yüksək rütbəli məmuru olub.