ABŞ Müdafiə Nazirliyi Ukraynaya 820 milyon dollarlıq əlavə hərbi yardım ayırdığını açıqlayıb.
Bizimxeber.az bildirir ki, bu barədə RBC-Ukrayna ABŞ Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.
Pentaqonun yaydığı məlumata görə, bu məbləğə Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAT) üçün ayrılan 770 milyon dollar, həmçinin ABŞ prezidenti Co Bayden tərəfindən icazə verilən 50 milyon dollar yardım daxildir.
Ayrılan vəsaitə Ukrayna aşağıdakıları alacaq:
yüksək mobil artilleriya raket sistemləri üçün döyüş sursatları (HIMARS);
iki qabaqcıl yer-hava raket sistemi (NASAMS);
155 mm-lik artilleriya üçün 150.000-ə qədər döyüş sursatı;
dörd əlavə batareya əleyhinə radar.
O da bildirilir ki, silahlar hərbi sənayedən alınacaq, yəni bunlar ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından olan təchizat olmayacaq. Müvafiq olaraq, bugünkü elan Ukrayna Silahlı Qüvvələrinə əlavə imkanlar təqdim etmək üçün müqavilələrin bağlanması prosesinin başlandığını göstərir.
Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak artıq ABŞ-a hərbi yardıma görə təşəkkür edib.