ABŞ Ukraynaya növbəti 300 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb.
Bizixmeber.az bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.
ABŞ-ın yeni hərbi yardım paketində əlavə hava hücumundan müdafiə vasitələri, artilleriya, tank əleyhinə silahlar və xüsusilə atıcı silahlar üçün sursatlar daxildir.
Xüsusilə, söhbət “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə döyüş sursatlarından, hava hücumundan müdafiə üçün AIM-7 raketlərindən, “Avenger” hava hücumundan müdafiə sistemlərindən, “Stinger” zenit sistemlərindən, dəqiq idarə olunan təyyarə sursatlarından, “Zuni” təyyarə raketlərindən və pilotsuz uçuş sistemləri üçün döyüş sursatlarından gedir.
Hərbi yardım paketinə həmçinin AT-4 tank əleyhinə sistemlər, HIMARS artilleriya raket sistemləri üçün əlavə döyüş sursatları, 155 mm və 105 mm-lik top mərmiləri, 105 mm-lik tank sursatları, 30 milyondan çox atıcı silah sursatları, minatəmizləmə avadanlıqları və sistemləri, minatəmizləmə sursatları, gecəgörmə cihazları, ehtiyat hissələri, generatorlar və digər sahə avadanlıqları daxildir.
Xatırladaq ki, may ayının əvvəlində ABŞ Müdafiə Nazirliyi kritik ehtiyacları ödəmək üçün Ukraynaya 375 milyon dollar dəyərində əlavə təhlükəsizlik yardımı ayırdığını elan etmişdi.
Pentaqonun məlumatına görə , Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Birləşmiş Ştatlar Ukraynaya artıq 37,6 milyard dollardan çox hərbi yardım edib .