ABŞ-dan Moskvaya xəbərdarlıq - "Gürcüstandakı seçkilərə müdaxilə etmə"


Birləşmiş Ştatlar Moskva rəsmilərinin Gürcüstanın hakim partiyasına hakimiyyəti əlində saxlaması üçün “köməyini” təklif etməsindən sonra Rusiyanın Gürcüstanda seçkilərə müdaxilə etmək cəhdlərini “diqqətlə müşahidə etdiyini” bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Biz Rusiyanın bir sıra cəhdlərini gördük, biz Rusiyanın regionda və bütün dünyada seçkilərə müdaxiləsini gördük və biz onları diqqətlə izləyirik”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller gündəlik brifinqdə Turan-ın müxbirinə bildirib.

“Ölkənin gələcəyini yalnız gürcü xalqının özünün müəyyən etməsi vacibdir”, deyə Miller əlavə edib.

Həftəsonu Rusiya Federasiya Şurasının sədr müavini Andrey Klimov bildirib ki, Tbilisi Moskvadan xahiş etsə ölkəsi “Gürcü arzusu”nun hakimiyyəti əlində saxlamasına kömək etməyə “hazırdır”.

Jurnalistlərlə Gürcüstanda oktyabrda keçiriləcək seçkilər haqqında danışan Klimov Rusiyanın “dövlət çevrilişi cəhdinin qarşısını almağa” hazır olduğunu bildirib, “Rusiyaya müraciət edənlərin yardım aldığını” qeyd edib.

“Suriyada hakimiyyəti devirmək cəhdi olub və Əsəd hökuməti hərbi yardım üçün bizə müraciət etdikdə biz kömək etdik və Suriyada vəziyyət sabitləşdi”, deyə Gürcüstanın “Pirveli” televiziyası Klimovdan sitat gətirir.