81 milyon dəyərində “sahibsiz” superyaxta hərraca çıxarılır

Antiqua və Barbuda hökuməti dəyəri 81 milyon dollar olan "Alfa Nero” superyaxtasını hərraca çıxarmağa hazırlaşdığını açıqlayıb.  

Bu barədə "Agentstvo.media” nəşri "The Guardian”a istinadən yazır. 

Onun sahibini Rusiyanın ən varlı adamlarından biri olan "PhosAgro”nun keçmiş rəhbəri Andrey Quryev olduğunu deyirlər. Antiqua və Barbuda hökuməti yaxtanın Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra Karib hövzəsində atıldığını bildirib.

Bazar ertəsi əyalət səlahiyyətliləri dövlət mediası vasitəsilə xəbərdarlıq edib ki, "Alfa Nero”nun sahibi 10 gün ərzində peyda olmasa, yaxta hərraca çıxarılacaq. Ölkənin İnformasiya naziri Melford Nikolas hökumətin "dəbdəbəli gəmi sahibi tərəfindən xidmət göstərilmədiyindən gələcək təhlükənin qarşısını almağa çalışdığını" söyləyib. 

Qeyd edək ki, ABŞ-ın "Forbes” jurnalı "Alfa Nero” yaxtasının Quryevə aid olduğunu yazıb. Rusiyanın "Forbes” jurnalı biznesmeni gəminin "iddia edilən sahibi” adlandırıb. Ötən ilin avqustunda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) də "Alfa Nero”nun sahibinin Quryev olduğunu açıqlayıb. Lakin Quryev özü yaxtanın sahibi olduğunu təkzib edib.