Bu gün səhər saatlarından etibarən paytaxtın bir sıra yollarında sıxlıq və tıxac müşahidə edilir.
Ən böyük tıxac Xətai rayonu ərazisində - 8 Noyabr prospektində müşahidə olunur. Belə ki, prospektə çıxan yollarda və prospektin əsas hərəkət zolaqlarında 1 saat yarımdan artıqdır nəqliyyatın hərəkəti dayanıb. Nəticədə avtobuslarda olan yüzlərlə sərnişin nəqliyyat vasitələrini tərk edərək piyada getmək məcburiyyətində qalıb, avtomobillərin sürücüləri isə maşınları tərk edərək yolun açılacağı vaxtı gözləyir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda 8 Noyabr prospektində təmir işləri aparılır, tıxac da bununla əlaqədardır: “Prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub, hazırda yol birtərəfli bağlanıb”.
Qeyd edək ki, səhər saatlarında DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Ramiz Quliyev küçəsinin 8 Noyabr prospekti ilə kəsişməsində yolun qısamüddətli bağlandığını açıqlamışdı.