5 rayonda ağaclar qanunsuz kəsildi: 72 minlik ziyan...

Bakı şəhərinin Nizami, Nərimanov, Sabunçu rayonlarında, eyni zamanda Xaçmaz, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, araşdırma zamanı Nizami rayonu ərazisində Xəzər İnşaat XXI Əsr MTK-ya, Nərimanov rayonu ərazisində Sizin Yurd MMC-yə, Sabunçu rayonunda vətəndaş Sevinc Aslanovaya, Xaçmaz rayonunda vətəndaş Çigali Yüzbəyliyə, Ağdam rayonunda isə vətəndaş Bəxtiyar Hüseynova məxsus ərazilərdə ağacların kəsildiyi və təbiətə ümumilikdə 72420 manat məbləğində ziyan dəydiyi məlum olub:

"Faktlarla bağlı akt tərtib edilib və yaşıllıqlara dəymiş ziyanın məbləği hər bir fakt üzrə cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.