30 konqresmen Baydenə yazdı: Putinlə görüş!

ABŞ Demokratlar Partiyasından olan 30 konqresmen Prezident Co Baydeni Ukraynadakı müharibə ilə bağlı strategiyasını kökündən dəyişməyə və birbaşa Rusiya ilə danışıqlara getməyə çağırıb.

Bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, konqresmenlər dünən Ağ Evə bununla bağlı məktub göndəriblər. 

Konqresmenlər Baydeni atəşkəsə şərait yaratmaq üçün səyləri ikiqat artırmaqla ABŞ-ın Ukraynaya görünməmiş iqtisadi və hərbi dəstəyini önləyici diplomatik təkanla birləşdirməyə çağırıb.

Demokratlar xüsusilə ABŞ-ın minlərlə insanın ölümünə və 13 milyon insanın didərgin düşməsinə səbəb olan uzunsürən müharibəyə son qoymaq üçün Rusiya ilə müntəzəm dialoq aparmamasından narahat olduqlarını bildiriblər. 

Onlar deyiblər ki, müharibənin fəlakətli təsirləri getdikcə daha çox Ukraynadan kənarda, o cümlədən ABŞ-da ərzaq, qaz, buğda, gübrə və yanacağın qiymətlərində artımla hiss olunur.