Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ölkənin Ukrayna ilə sərhədyanı bölgələrindəki vəziyyətlə bağlı iclas keçirir.
İclas zamanı Belqorod vilayətinin rəhbəri Vyaçeslav Qladkov bildirib ki, hazırda regionda vəziyyət çətin olaraq qalır və son həftə ərzində 19 nəfər yaralanıb. Onun sözlərinə görə, vilayətdə kənd təsərrüfatı müəssisələrinə təqribi zərər 3 milyard rubl, biznesə vurulan ziyan isə 1 milyard rubl təşkil edir.
Müvəqqəti olaraq Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov isə vilayətin sərhədyanı rayonlarından 130 mindən çox sakinin getdiyini, təqribən 20 min nəfərin qaldığını vurğulayıb.
Bununla yanaşı, Rusiyanın Baş nazirinin müavini Marat Xusnullin qeyd edib ki, atəş səbəbindən yaşayış yerini itirən Kursk sakinlərinə əlavə olaraq 10,7 milyard rubl vəsait ayrılacaq.
Xatırladaq ki, iki həftədən çoxdur ki, Kurskda Ukrayna və Rusiya hərbçiləri arasında döyüş gedir. Həmin regionda, eləcə də Belqorod və Bryansk vilayətlərində antiterror əməliyyatı rejimi elan edilib.