Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Sevinc Vaqifqızına qarşı zorakılıq olub.
Bizimxeber.az bildirir ki, bu barədə Meydan TV-yə onun ailəsi məlumat verib. Noyabrın 16-da jurnalistlə görüşə gedən ailə üzvləri onun qolunda zorakılığın izlərini görüblər.
“Biləyinin iç tərəfi yumurta boyda göyərib. Həmin əlinin baş barmağının iç damarı partlayıb və orta barmağı da partlayıb. Göy zədə Nərgizin də əlində var. Onun da ələ yaxın hissəsində təxminən yumurta boyda göyərmə var. Həmin zədə Elnarədə də var. Deməli, üç qızın üçünə də xəsarət yetirilib”.
Xəsarətin necə yetirilməsinə gəlincə, Sevinc Vaqifqızı ailəsinə deyib ki, hadisə cümə axşamı günü axşam baş verib. Jurnalist Nərgiz Absalamova öz kamerasının nəfəsliyi önündə dayanıb. Bu zaman Şəhla adlı nəzarətçi ona yaxınlaşaraq hərəkətinin qanunsuz olduğunu deyib və bildirib ki, keçib yerində oturmalıdır, qapının yanından getməlidir: “Nərgiz də ona deyib ki, mən öz kameramın qapısı ağzında dayanmışam, burada qanunsuz nə var? Bu zaman Şəhla adlı nəzarətçi Nərgizi təhqir edib, ona “həyasız, ləçər” deyib. Aralarında mübahisə yaranıb və səs-küy digər kameralardan da eşidilib. Sevinc də səsi eşidib, etiraz edib. Bu zaman gəlib kişili-qadınlı, bütün kameraların nəfəsliyini bağlayıblar, deyiblər ki, Elnur müəllimin göstərişidir”.
Sevinc Vaqifqızının sözlərinə görə, Elnarə Qasımova onların kamerasına yaxınlaşarkən Aynurə Heydərova adlı nəzarətçi ona hücum edib. Nərgiz Absalamova da Sevincin dayandığı qapının nəfəsliyinə yaxınlaşmaq istərkən təzyiqə məruz qalıb, çiynindən vurub itələyiblər.
“Aynur Heydərovanın hücumunu indi Elnarənin əleyhinə istifadə etməyə çalışırlar. Vahid adlı nəzarətçi məhbuslara əmr edir ki, Elnarənin onlara təzyiq etməsinə dair ərizə yazsınlar. Guya siz görmüsüz ki, Elnarə nəzarətçiyə təzyiq edib. Belə bir iş planlayıblar ki, Elnarə barəsində yeni cinayət işi açılsın. Vahid adlı nəzarətçi qadınların gözünü qorxutmaq üçün dubinka ilə gəzir”, – Sevinc Vaqifqızı deyib.
Bizimxeber.az