Xamenei ilə Ərdoğanın “toqquşması”: İran Türkiyəyə hibrid müharibə elan etdi

İraqın şimalında yerləşən Zaho rayonunda 8 nəfərin ölümü, 23 nəfərin isə yaralanmasına səbəb olan hücum sonrası İraqda Türkiyə əleyhinə etirazlar başlayıb. İraqın fərqli yerlərində etiraz aksiyaları keçirən iraqlılar paytaxt Bağdadda da Türkiyə Mədəniyyət Mərkəzindəki türk bayrağını endirib.

Türkiyə Xarici İşlər Nazirliyi hadisə ilə bağlı verdiyi bəyanatda hücumu pislədiyini və hadisənin Türkiyə Silahlı Qüvvələri tərəfindən törədilmədiyini deyib.

Türkiyə terrorla mübarizə çərçivəsində vaxtaşırı Şimali İraqda və Suriyada antiterror əməliyyatları aparır. Lakin bu o demək deyil ki, hadisəni məhz Türkiyə Silahlı Qüvvələri təşkil edib.

Rəsmi Ankaranın apardığı antiterror əməliyyatları BMT nizamnaməsinin 51-ci maddəsinə əsaslanır. Həmin maddəyə görə təkcə Türkiyə deyil, istənilən ölkə öz ərazisinə, sərhədlərinə, suverenliyinə yarana biləcək təhdidlərin qarşısını almaq üçün antiterror əməliyyatı keçirə bilər.

Zaho da baş verən hadisəni məhz PKK terrorçularının törətdiyi ehtimalı çox yüksəkdir. Məsələ ondadır ki, Türkiyə xüsusi xidmət orqanları 17 iyul tarixində İraqın şimalında PKK terror təşkilatının liderlərindən olan, “Dersim Malatya” kod adlı İzəddin İnanı öldürüb. Terrorçu İraqın şimalındakı Duhok rayonunda aparılan əməliyyat nəticəsində məhv edilib. Məlumat üçün deyim ki, Duhok Zahodan cəmi 58 kilometr cənubda yerləşir.

PKK üçün bu tipli terror hadisələri adidir. Vaxtaşırı İraqda bu kimi hadisələr də baş verir. Lakin budəfəki hadisənin xalq nəzdində bu qədər reaksiya yaratması və etiraz aksiyalarına səbəb olması hadisənin pərdə arxasında başqa oyunçunun olduğu ehtimallarını yaradır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfəri sonrası İraqda belə bir hadisənin baş verməsi diqqət çəkir. Məsələ ondadır ki, Ərdoğan səfər çərçivəsində İranın ali dini lideri Əli Xamenei ilə görüş keçirdi və bir çox məsələ, həmçinin Türkiyənin Suriyanın şimalında başlatdığı növbəti hərbi əməliyyatlarda tərəflər arasında müzakirə edildi.

Diqqətçəkən məqam isə İran ali dini lideri Xameneinin Türkiyənin mümkün əməliyyatlarına işarə edərək “Suriyanın şimalında hər hansı hərbi addım Türkiyənin də, Suriyanın da zərərinə olacaq” deməsi oldu.

Xameneinin bu sözləri sonrası məhz Türkiyənin antiterror əməliyyatları keçirdiyi bir ərazidə belə hadisənin baş verməsi hadisənin pərdəarxasında Tehranın olduğu şübhələrini artırır.

Ümumiyyətlə PKK ilə İran arasında bir çox sazişin olduğu məlumdur. Rəsmi Tehran “Şiə hilalı” layihəsi çərçivəsində İrana bağlı şiə silahlı qruplarının İrandan Suriyaya rahat hərəkət etməsi üçün PKK-ya iqtisadi və hərbi dəstək verir. 

Təsadüfi deyil ki, hadisə sonrası İraqda türk ordusuna qarşı İran dəstəkli şiə qrupları da terror törətməyə başlayıb. Misal üçün Şiə Əshabi kəhf qrupu Bamerni bölgəsində faliyyət göstərən Türkiyə hərbi bazasına hücum təşkil edib. Bundan başqa Mehdi Mühhəndis İntiqam Tuqayı da Mosuldakı türk ordusuna məxsus hərbi hissəni artilleriya ilə hədəfə aldıqlarını açıqlayıb.

Bütün bu hadisələr fonunda bir daha Xameneinin dediyi bu sözlər yada düşür: ”Suriyanın şimalında hər hansı hərbi addım Türkiyənin də, Suriyanın da zərərinə olacaq”.

Nəticə etibarilə Ərdoğan-Xamaneyi görüşündə tərəflərin Suriya məsəlində ortaq məxrəcə gələ bilmədiyi açıqca görünür. Baş verən hadisələr onu deməyə əsas verir ki, İran Türkiyəyə hibrid müharibə elan edib.