Rusiya Fransanı qazsız qoydu - Tədarük dayandırıldı

"Qazprom" iyul ayında tədarükün tam ödənilməməsi səbəbindən Fransanın Engie şirkətinə qaz tədarükünü dayandırıb. Bu barədə korporasiyanın rəsmi Telegram kanalında məlumat verilib.

“Qazprom Eksport” MMC cari müqavilələr üzrə iyul ayında Engie tərəfindən tədarük olunan qaza görə tam ödənişlər almayıb. Rusiya Prezidentinin 31 mart 2022-ci il tarixli fərmanına əsasən, yanacaq üçün vəsait müəyyən edilmiş müddətdə tam şəkildə köçürülmədikdə, xarici alıcıya qazın verilməsinin davam etdirilməsi qadağandır.

“Bununla əlaqədar olaraq, “Qazprom Eksport” Engie-ni 2022-ci il sentyabrın 1-dən tədarük olunan qaz üçün vəsait tam olaraq alınana qədər qazın tədarükünün tamamilə dayandırılması barədə xəbərdar edib”, - nəşr yazır.

Avqustun 30-da “Qazprom” Fransanın Engie şirkətinə qaz tədarükünün azaldılması barədə məlumat verib . Fransa tərəfinin sözlərinə görə, bu, müqavilələrin istismarı ilə bağlı fikir ayrılıqları səbəbindən baş verib.