Qazaxıstan Rusiyaya hərbi texnika göndərir? - Rəsmi cavab verildi

Qazaxıstandan Rusiyaya hərbi texnikanın göndərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar reallığa uyğun gəlmir. Bu barədə cümə axşamı İnformasiya və Sosial İnkişaf Nazirliyinin dəstəyi ilə qeyri-dəqiq məlumatlarla mübarizə məqsədilə yaradılmış stopfake.kz portalı məlumat yayıb.

"Sosial şəbəkələrdə hərbi texnika kolonnasının hərəkət etdiyini əks etdirən video yayılır. Altında deyilir ki, o, Qazaxıstandan Rusiyaya Qasım-Jomart Tokayev və Vladimir Putinin razılığı əsasında göndərilir. Bu, belə deyil”, - deyə məlumatda bildirilir.

Yayılan şayiələri Qazaxıstan Müdafiə Nazirliyi də təkzib edib və əlavə edib ki, bu tip xəbərlər həqiqətə uyğun deyil.

Qazaxıstan Müdafiə Nazirliyi xatırladıb ki, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birgə təlimləri üçün respublikaya texnika gətirilir. Departamentin mətbuat xidməti qeyd edib ki, sentyabrın 26-dan oktyabrın 8-dək Jambil və Alma-Ata vilayətlərində KTMT-nin Kollektiv Çevik Hücum Qüvvələrinin iştirakı ilə "Qarşılıqlı fəaliyyət-2022”, "Poisk-2022” və "Eşelon-2022" təlimləri keçirilir. 

Bu arada respublikanın baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin bildirib ki, Moskva və Astana artan insan axını səbəbindən Rusiya və Qazaxıstan sərhədində "yaşıl dəhliz”in açılmasını müzakirə edir. "Dünən mən həmkarım, Rusiya Federasiyası baş nazirinin müavini ilə danışdım, çünki sərhədin o biri tərəfində həm Qazaxıstan vətəndaşları, həm də ərzaqla dolu yük maşınları var. Bu gün sərhəd xidmətləri bir-biri ilə danışacaq. Yaşıl dəhlizlə təmin etməyə çalışacaqlar”, - deyə nazir bildirib.