Nurlana Əliyevaya qarşı hansı addım atılacaq? - Yenə məhkəməyə gəlmədi

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda iki nəfər şahidin zərərçəkmiş qismində tanınmasına dair qərar qəbul edilib. Bunlardan biri BSU-nun müəllimi, digəri isə universitetdə ikinci təhsil almaq istəyən xanım olub.

Bundan başqa, məhkəmədə elan olunub ki, BSU-nun sabiq rektoru Nurlana Əliyevanın iş üzrə dindirilməsi üçün dəfələrlə çağırış göndərilməsinə, hətta barəsində məcburi gətirilmə qərarı çıxarılmasına baxmayaraq, onun prosesdə iştirakı mümkün olmayıb.

“Düzdür, polisdən məhkəməyə məlumat daxil olub ki, Nurlana Əliyeva səhhəti ilə bağlı olaraq ölkə xaricində müalicədədir və buna görə məcburi gətirilməsi mümkün olmayıb. Lakin sonradan rektor özü mediaya açıqlamasında Azərbaycanda olduğunu, ona məhkəmədən hər hansı çağırış göndərilmədiyini deyib. Məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını təklif edir”, - deyə hakim Əli Məmmədov bildirib.

Lakin Dürdanə Əliyeva buna etiraz edib və N.Əliyevanın şəxsən məhkəməyə gələrək ifadə verməsini istəyib: “Bu adam 3 ildir məhkəməni saymır. Təkidlə onun bura gəlməsini, dindirilməsini tələb edirəm”.

Daha sonra məhkəmə məcburi gətirilmə qərarının qüvvədə olduğunu, sabiq rektorun iştirakının təmin edilməsi ilə bağlı daha bir cəhd edilməsini məqbul sayıb.

Məlumat üçün bildirək ki, N.Əliyeva bir neçə gün öncə mətbuata açıqlamasında ölkədən qaçması ilə bağlı iddiaları yalanlamışdı: "Deyilənlər yalandır. Mən aydan arı, sudan duruyam, hazırda evimdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib”.

Qeyd edək ki, Dürdanə Əliyeva Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham olunur. O, BSU-nun 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul almaqda təqsirli bilinir. O, bu işləri Nurlana Əliyevanın göstərişi ilə etdiyini deyir. Buna görə də sabiq rektorun məhkəmədə dindirilməsini istəyir.Xatırladaq ki, Nurlana Əliyeva 2021-ci ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.