İsrail NATO dövlətlərinə Ukraynaya silahlarını tədarük etməyə icazə verdi

İsrail NATO üzvü olan ölkələrə Ukraynaya İsrail komponentləri olan silahları verməyə icazə verdi. 

Bizimxeber.az bildirir ki, həmçinin hökümət Ukrayna üçün strateji materialların alınmasını maliyyələşdirib.

"Haaretz"in xəbərinə görə, İsrail Müdafiə Nazirliyi bu yaxınlarda öz tövsiyələrini yumşaldıb və Böyük Britaniya kimi NATO üzvlərinin Ukraynaya elektro-optik sistemlər və atəşə nəzarət sistemləri kimi İsrail komponentlərini ehtiva edən silah sistemləri verə biləcəyinə razılaşıb.

Nəşr onu da müəyyən edib ki, Amerika administrasiyasının təzyiqi altında İsrail bu yaxınlarda Ukraynaya kömək etmək üçün milyonlarla dollar dəyərində strateji materialları maliyyələşdirməyə razılaşıb. 

Üç yüksək rütbəli avropalı diplomatik rəsminin sözlərinə görə, amerikalılar İsrailin Ukraynaya zenit batareyaları verməsini istəyirdilər. Amma iki ölkə hökumətləri arasında aparılan danışıqlardan sonra tərəflər strateji materialları İsrailin maliyyələşdirəcəyinə qərar veriblər.

Ukraynaya hərbi texnikanın tədarükündə fəal iştirak edən NATO üzvü olan ölkəyə bir neçə milyon dollar məbləğində ödəniş köçürülüb. Bu ölkə strateji materialları alıb Ukraynaya göndərirdi.

Nəşr materialların dəqiq nədən bəhs etdiyini bilmir. Eyni zamanda, İsrail strateji materialların satışı ilə bağlı sazişdə iştirak edən bütün tərəflərdən “Putini qəzəbləndirməmək” üçün bunu ictimaiyyətə açıqlamamağı xahiş edib.