İcra başçısı Həzi Aslanov xiyabanını sökür - Mərmər döşəmənin tametlə əvəzlənməsinin səbəbi nədir?

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alan, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun doğma şəhərindəki xiyabanı yerli məmurlar üçün korrupsiya predmetinə çevrilib.

Bizimxeber.az xəbər verir ki, dünya hərb tarixində silinməz izlər qoyan generalın adına olan xiyabanın möhtəşəm görünüşlü mərmər döşəməsi sökülür, yerinə isə mərmərdən dəfələrlə ucuz olan tamet döşənir. Şəhər sakinlərinin sözlərinə görə, xiyabanın bir-neçə yerində bəzi kiçik hissələr qopmuşdu ki, onları kiçik xərclə dəyişmək olardı:

“Amma əksini edirlər. 2 manatlıq tamet vururlar”.



Lənkəran sakinləri iddia edirlər ki, Lənkəranın icra başçısının tamet sexi olduğu üçün xiyabanın mərmər döşəməsini dəyişdirir, yəni öz sexində istehsal etdiyi materialı dövlətə satır.

Qeyd edək ki, Həzi Aslanov xiyabanına mərmər döşəmə Süleyman Mikayılovun Lənkəranda icra başçısı işlədiyi zaman vurulub. Və bu “Çakır” ləqəbli icra başçısının Lənkəranda gördüyü ən sanballı işlərdən biri kimi qiymətləndirilir… /AzToday/