Bakıda əməliyyat - 31 taksi sürücüsü tutuldu + Yenilənib

Bu gün Bakıda narkotik vasitə aludəçisi olan, eləcə də xanım müştərilərə əxlaqsız təkliflər etdiyinə görə barələrində şikayətlər olan taksi sürücülərinə qarşı əməliyyat keçirilib. 

Polisin keçirdiyi əməliyyat nəticəsində 50-yə yaxın taksi sürücüsü saxlanılıb və onlar məsuliyyətə cəlb edilib. Onların əksəriyyətinin barəsində inzibati protokollar tərtib edilib və məhkəmələrə göndərilib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti taksi sürücülərinə qarşı əməliyyatla bağlı məlumat yayıb.

Bildirilib ki, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.

Onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Qeyd edək ki, törədilən və texniki vasitələrlə qeydə alınan hüquqpozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib. Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.