Azərbaycanda yeni qiymət artımı gözlənilir - Ekspertdən SOS

Bu il ərzaq buğdasına çıxış idxalatçı ölkələr, o sıradan da Azərbaycan üçün problemli olacaq. Çünki  bir tərəfdən dünya bazarında buğdanın qiymətinin bahalaşması davam edir, digər tərəfdən ixracatçı ölkədələ xaricə satışışa qadağalar qoyur.

Bizimxeber.az bildirir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib. O bildirib ki, qiymətlərin bahalaşmasını şərtləndirən amillər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində təcazüvə məruz qalan ölkədə istehsal imkanlarının azalması və  əsas ixracatçı ölkələrdə satışa tətbiq edilən qadğalardır:

“Bugünlərdə Hindistan əsas taxıl məhsullarının ixracını qadağan etdikdən sonra beynəlxalq bazarlarda buğdanın qiyməti yenidən qalxıb. Çikaqoda etalon buğda indeksi 5,9 faizə qədər yüksəldi ki, bu da son iki ayın ən yüksək göstəricisidir.

Hindistanda İxrac qadağası buğda məhsullarını vuran isti dalğasının daxili qiymətləri rekord həddə çatdırmasından sonra qoyulub.

Yeri gəlmişkən qeyd edim ki, Hindistandan öncə Rusiya  buğdanın ixracına iyunun 30-dək qadağa qoyub, Qazaxıstan isə ixrcata kvota tətbiq edib.

Son aylarda dünya əmtəə bazarlarında buğdanın qiymətinin qalxması nəticəsində çörək və tortdan tutmuş əriştə və makarona qədər hər şeyin qiyməti bahalaşıb.

Bəzi ölkələrdə, o sıradan İranda unun qiymətinin bahalaşması kütləvi etiraz aksiyalarına gətirib çıxarıb. 

Azərbaycan dünya bazarında yaranmış  durumu düzgün qiymətləndirməli və taxıl təhlükəsizliyi üçün vaxtında qərarlar qəbul etməlidir. Heç şübhəsiz ki, bu ilki idxal qiymətləri əvvəlkindən yüksək olacaq və odur ki, Azərbaycanda da  istehlakçılar yeni qiymət artımına hazırlaşmalıdırlar.