Afrika ölkələrinə gediş-gəliş nə verəcək…?

Son dövrlər Azərbaycan bir sıra Şərqi Avropa, Asiya və Afrika ölkələri ilə vizasız gediş-gəliş haqqında saziş imzalayıb. Məsələn, bu ayın əvvəli, mayın 4-də Mərakeş, Qambiya (Afrika), mayın 6-da isə Albaniya (Şərqi Avropa) ilə Azərbaycan arasında viza tələbi aradan qaldırılıb.

Amma Avropa İttifaqına (Aİ) daxil olan ölkələrə səyahət etmək imkanı yaradan Şengen vizası tələbi Azərbaycan üçün hələ də qalmaqdadır. Baxmayaraq ki, Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi sazişi 2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb. Saziş 2014-cü ildə qüvvəyə minib.

Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan vətəndaşlarına isə Şengen vizası güzəştli şərtlərlə verilir. Bu da həmin ölkələrin Avropa İttifaqı ilə assosiasiya və tərəfdaşlıq sazişi imzalanması ilə izah olunur. Azərbaycan da 2017-ci ildən Aİ ilə tərəfdaşlıq sazişi imzalamaq istiqamətində danışıqlara başlayıb, amma, hələlik, nəticə yoxdur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov da Turana xatırladır ki, Azərbaycanın bir sıra ölkələrlə viza rejimi ləğv edilib: "Bura Avropa, Asiya, Afrika ölkələri da daxildir və bu proses getməkdədir".

Deputat Azərbaycan dövlətinin siyasətinin açıq olduğunu vurğulayır: "Biz maraqlıyıq ki, vətəndaşlarımız qarşılıqlı şəkildə digər ölkələrə gedib-gəlsinlər. Biz həmişə əməkdaşlığın qarşılıqlı inkişafında da maraqlı olmuşuq".

Avropa İttifaqı ölkələrinə gəldikdə, komitə üzvü bildirir ki, bu ölkələr ilə Şengen vizası rejimi məsələsi, hələlik, öz həllini tapmayıb: "Azərbaycanla Aİ arasında əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafını nəzərdə tutan sənəd hələ ki, imzalanmayıb. Bir müddət əvvəl məlumat verilmişdi ki, 90 faizə qədər bəndlər üzrə razılaşma əldə edilib. Düşünürəm ki, həmin saziş imzalandıqdan sonra Şengen vizasını dəstəkləyən ölkələrlə də vizasız rejimin tətbiqi istiqamətində yeni şərait yarana bilər".

E.Nəsirovun sözlərinə görə, bu, müəyyən zaman tələb edən məsələdir: "Əməkdaşlığın səviyyəsinin birbaşa nəticəsi olaraq bu, baş verə bilər. Azərbaycan dövləti bu prosesin maraqlı tərəfi kimi çıxış edir. Amma prosesin öz məntiqli sonuna çatması üçün gərək hər iki tərəf maraqlı olsun. Hər halda tendensiya var və Azərbaycan bu istiqamətdə addımlar atır".

Siyasi şərhçi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, Aİ ilə Azərbaycan arasında hələ 1996-cı ildə əməkdaşlıq sazişi imzalanarkən qarşılıqlı öhdəliklər götürülmüşdü: "Bu öhdəliklərin içərisində Azərbaycanın Avropa hüquq sisteminə inteqrasiya olunması, iqtisadiyyatında xüsusilə bazar münasibətlərinin sistemləşməsi məsələləri var idi. Eyni zamanda, məhkəmə-hüquq sisteminin Avropa məkanına uyğunlaşması ilə bağlı öhdəliklər də götürülmüşdü".

Ekspertin sözlərinə görə, əvvəllər bu istiqamətdə müəyyən addımlar atılıb: "Azərbaycan Avropa Şurasına daxil oldu, daha sonra "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində müəyyən əməkdaşlıq imkanları genişləndi. Amma Azərbaycan nə Ümumdünya Ticarət Təşkilatının üzvlük məsələsini həll etdi, nə də üzərinə götürdüyü bir sıra öhdəlikləri həyata keçirtdi. Bundan sonra münasibətlər xeyli dərəcədə zədələndi".

Azərbaycan "Şərq tərəfdaşlığı" proqramına 2009-cu ildə qoşulub. Proqrama qoşulanlardan Ukrayna və Moldova Aİ üzvlüyünə namizəd statusu alıb. Gürcüstana bu istiqamətdə yaşıl işıq yandırılıb, Ermənistanla da tərəfdaşlıq sazişi imzalanıb. Belarus isə Aİ ilə əməkdaşlığı dayandırıb.

N.Məmmədlinin fikrincə, bu gün Azərbaycan Avropa məkanına inteqrasiya xəttindən, demək olar ki, imtina etmiş kimi görünür: "Rəsmi olaraq dövlət başçısı da bildirdi ki, Avropa İttifaqına üzv olmaq planımız yoxdur, biz daha çox türk dövlətlər ailəsinin üzvüyük. Bu istiqamətdə aparılan işlər, həqiqətən də, onu göstərir ki, Azərbaycan fərdi qaydada Avropanın müəyyən ölkələri ilə strateji əməkdaşlıq istiqamətində addımlar atır, buna isə daha çox özünün iqtisadi maraqları kontekstində baxılır".

Politoloq hesab edir ki, Azərbaycan bu gün o ölkələrlə viza rejiminin ləğvini həyata keçirir ki, o ölkələrə Azərbaycan vətəndaşları getməyə bir elə də can atmırlar: "Afrika ölkələrinə gediş-gəliş Azərbaycan vətəndaşlarına nə verəcək?".