Zığda sürüşmə- evlərdə çatlar dərinləşib
Zığda sürüşmə- evlərdə çatlar dərinləşib
24 Oktyabr 2016 / 15:30 / Baxış sayı: 990
Font1 Font2 Font3 Font4
Bizimxeber

Aramsız yağan yağışlardan sonra Suraxanı rayonu, Zığ qəsəbəsindəki sürüşmə zonasında çatlar dərinləşib, bir neçə ev qəzalı vəziyyətə düşüb.

Bu barədə virtualaz.org saytına Zığ sakinləri məlumat veriblər. Onların sözlərinə görə, indiyədək cəmi 50-ə yaxın ailə kirayə mənzilə köçürülüb. “Təxminən 500 evdə çatlar yaranıb, 100-dən çox ev İSƏ qəzalı vəziyyətdədir. Tavan hər an uça bilər, amma hələ də yaşayış var”-qəsəbə sakini Arif Məmmədov deyir.

Sakinlər bildirirlər ki, onlara ayda 250 manat kirayə haqqı ödənilir. “Manatın dəyərdən düşməsi, evlərin kirayə haqqının bahalaşması nəzərə alınmır. Üstəlik, gələn aydan kirayə haqqının kəsilə biləcəyi söylənilir. Sakinlərin çıxış yolu yoxdur. Nazirlər Kabinetinin qarşısına yığılıb şikayət etməkdən yorulmuşuq”-sakinlər şikayətlənirlər.

Suraxanı Rayon İcra Hakimiyyəti çıxış yolu kimi sakinlərə torpaq sahəsi təklif edib. Bunu da şikayətçilər deyirlər. Onların sözlərinə görə, əksəriyyət torpaqdan imtina edib: “Rayon ərazisində “Bahar” massivi deyilən yer var. İcra hakimiyyətinin əməkdaşı dedi ki, evin ərazisinə uyğun torpaq sahəsi verilə bilər. Amma çoxları torpaq sahəsindən imtina ərizəsi yazdı. Birincisi, tikinti materialları bahalaşıb, ev tikmək çətinləşib. Hələ çoxlarının uşağı yaxınlıqdakı məktəbə gedir. İkincisi isə “Bahar” massivi yaşayış üçün əlverişli deyil. Uşaqların məktəbə aparıb-gətirilməsi çətinləşəcək. Nəzərə almırlar ki, sürüşmə ərazisində əksəriyyətin evi sənədlidir”.

Qeyd edək ki, yağışlı havalarda evlərinin başlarına uçacağından qorxan sakinlər ötən il bir neçə dəfə aksiya keçirmişdilər. Lakin evlərin köçürülməsi hələ də ləngiyir. Kirayəyə köçmək istəməyənlərə isə imtina ərizəsi yazdırmışdılar. İmtina ərizəsi yazanlara evin uçacağı və ya baş verə biləcək bədbəxt hadisələrə görə ev sahibinin məsuliyyət daşıyacağı bildirilmişdi. 90 ailənin yaşadığı beşmərtəbəli bina və həyət evləri daxil olmaqla 500-dək ev qəzalı vəziyyətdədir.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə məsələdən bütün əlaqədar dövlət qurumlarının xəbərdar olduğunu deməklə kifayətləndilər.

Onu da xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının Ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov mətbuata açıqlamasında ən təhlükəli sürüşmə zonasının Zığ sürüşmə sahəsi olduğunu deyib. Yağışlardan sonra isə, yuxarıda da vurğuladığımız kimi, aktivlik daha da artıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə