“Yoxsul” başçı Əhməd Muxtarov əlilə qan uddurur
“Yoxsul” başçı Əhməd Muxtarov əlilə qan uddurur
07 Noyabr 2016 / 15:54 / Baxış sayı: 524
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hacıqabul rayonunun icra başçısı Əhməd Muxtarov II qrup 20 Yanvar əlili Yalçın Dəmirovun həyatını zindan edib.Rayon rəhbəri 20 Yanvar əlilini küçələrdə qoyub.

24saat.org saytı bildirir ki, onun yaşadığı şəraitin necə olduğunu ifadə etməyə ehtiyac yoxdur. Fotolar mənzərəni tam əks etdirir. Y.Dəmirov rus qoşunlarının önünə çıxaraq azadlıq uğrunda canından keçərkən ağlına gəlməyib ki, bu fədakarlığının əvəzində dövlət məmuru tərəfindən daxmalarda yaşamağa məhkum olunacaq.

Hacıqabulun Qızılburun kənd sakini olan Y.Dəmirov ailəsi və 3 azyaşlı övladı ilə acınacaqlı bir şəraitdə yaşayır. 25 ildir ev növbəsində olsa da, adı siyahıya salınmayıb. Hacıqabulun icra başçısının sanki onunla qərəzi, düşmənçiliyi var. Bir ildən çoxdur ki, müraciətlər edən Y.Dəmirovun nə özünə, nə ailəsinin vəziyyətinə ürəyi yanan var. Ə.Muxtarov isə Hacıqabulu çapıb talayan korrupsioner məmurların şəraiti yaxşılaşdırır.

24saat.org-a müraciət edən II qrup 20 Yanvar əlili bildirib ki, 1995-ci ildən ev növbəsindədir. İl olub 2016, hələ də ona növbə gəlib çatmayıb. Bu müddətdə Hacıqabulun icra başçısından tutmuş digər məmurlara qədər hər biri ev dəyişib, villa tikib, torpaq alıb, şərait qurub. Ancaq onların heç biri 20 Yanvar gecəsi meydana çıxanlar deyil. Y.Dəmirova isə verilən “hədiyyə” uçuq-sökük, zülmət içində olan daxmasıdır.

“1995-ci ildə babam məni icra hakimiyyətinə apararaq ev növbəsinə yazdırdı. O gündən gözləyirəm. Əvvəl çox da vecimə almırdım. Deyirdim, nə vaxt olsa verərlər. İndi ailəm var, 3 övladım var. Yaşamaq çətinləşib. Evsiz alınmır. Həyat yoldaşım və 3 azyaşlı övladımla qalmışıq küçələrdə. Üstəlik, II qrup əliləm”,-deyə Dəmirov bildirir.

Onun sözlərinə görə,1988-1990-cı illərdə Bakıda fizika-riyaziyyat internatına daxil olub: “Elə həmin vaxtlar Azadlıq hərəkatına qoşulmuşdum. 20 yanvar gecəsi mitinq zamanı güllə yaraları aldım. Yaram müəyyən vaxtdan sonra sağaldı. Bundan sonra isə yuxusuzluq problemim yarandı.

O qədər əsəbi olmuşdum ki, dərmanlarla, siqaretlə sakitləşirdim. Nəticədə, qaraciyərim də sıradan çıxdı. Məndə kəskin bronxit xəstəliyi yarandı, ayaqlarım tutuldu və mən 2-ci qrup əlil oldum. Azadlıq uğrunda mübarizə aparana bu dövlətin məmurlarının verdiyi dəyər göz önündədir”.

Y.Dəmirovun həyat yoldaşı 25 yaşlı Nuriyə Dəmirova da vəziyyətinin ağır olduğunu deyib: İmkan yox, ev qəzalı vəziyyətdə, səsimizi də eşidən yox. Böyük övladımız dərs hazırlamaq üçün sinif yoldaşlarının evinə gedir.

Qayıdanda deyir “ana, bizim niyə onlardakı kimi evimiz, otağımız yoxdur?” Bu sualı eşitmək ana-ata üçün bilirsiniz necə ağırdır? İmkansızlıq, şəraitsizlikdən bezara gəlmişəm”.

Dəmirov əlavə edib ki, evin qəzalı olması barədə sənəd var: “Özləri gəlib baxıb, rəy verdilər ki, qəzalıdır, təhlükəlidir, çıxın. Biz də uzun müddət çadırda qaldıq. Gördük ki, kimsənin vecinə deyil, soyuqda, yağışda dözməyib qəzalı evə yığışdıq. Əməlli-başlı təhlükə altındayıq. İndi yenə hava şəraiti pisdir. Yağışlı günlərdir. Başqa yerimiz yoxdur. Qorxuram bir gün gecəykən çökəcək, qalacağıq altında”.

Hacıqabul rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mehparə Cəfərova mətbuata açıqlamasında demişdi ki, nə mənzil fondunda boş ev, nə də icra hakimiyyətinin vətəndaşa ev tikəcək vəsaiti var:

“Vətəndaş niyə çöldə yaşayır? Onun evi İcra Hakimiyyəti tərəfindən təmir edilib. Hətta ona maddi yardım da göstərilib. Vətəndaş yalan danışır. Çöldə qalmır.

Onun hər yerə yazmaqda məqsədi odur ki, İcra Hakimiyyəti tərəfindən ona fərdi yaşayış evi alınsın və yaxud da torpağında ona yeni ev tikilsin. Rayonda evlər tikilmir, boş mənzil yoxdur. Heç İcra Hakimiyyətinin ona xüsusi ev tikməyə imkanı da yoxdur”.

P.S. Bu açıqlamadan sonra adamın lap ürəyi ağradı, demə Hacıqabul RİH-nin imkanı yox imiş. İanə toplayıb dəstək vermək lazımdır, pirlərə də müraciət etmək olar ki, nəzir-niyazı Hacıqabul rəsmilərinə göndərsinlər.

Bəlkə təzə RİH binası tikdirə bilərlər. İmkanı olmayan rayon rəhbərliyindəki şəxslərin və icra hakiminin biznesi, mal-mülkü, evləri barədə araşdırmalar aparırıq. Yaxın günlərdə imkansız başçının malikanələri və biznesi barədə geniş yazı təqdim edəcəyik.

Bizimxeber.az

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə