Yəhudi qəbiristanlığında nə baş verir?
Yəhudi qəbiristanlığında nə baş verir?
19 Avqust 2016 / 11:10 / Baxış sayı: 860
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda üç yəhudi icması – dağ yəhudiləri, əşkinazi və gürcü yəhudiləri icmaları mövcuddur. Statistik məlumatlara görə, ölkəmizdə yaşayan yəhudilərin sayı 16 min nəfərdir. Bunlardan 11 min nəfəri dağ yəhudiləridir ki, onlardan təxminən 6 mini Bakıda, 4 mini Qubada, digərləri başqa şəhərlərdə yaşayır. Avropa yəhudliləri (Əşkinazilər) 4,3 min, gürcü yəhudiləri təxminən 700 nəfərdir.

Əşkinazilərin özlərinin dediyinə görə isə, Bakıda cəmi 500 nəfər qalıblar. Gənclərin, orta nəslin nümayəndələrinin böyük əksəriyyəti İsrailə və Amerikaya köçsə də, yaşlı nəsil doğulub boya-başa çatdıqları Vətəni tərk etmək niyyətində deyil. Bu yurdu, bu torpağı ata-baba ocağı hesab etdiklərini, burada doğulduqları kimi, elə bu torpaqlarda da əbədiyyətə qovuşacaqlarını bidirirlər…

Bakıda yaşayan Avropa yəhidiləri avqustun 14-də – dünyasını dəyişən doğmalarının anım günü (hər il 14 avqustda yəhudlilər bir qayda olaraq məzarlığa ziyarətə gəlirlər – red.) ilə bağlı Yasamal qəbiristanlığını ziyarət ediblər. Qəbirlərin ətrafına vurulan dəmir çərçivələrin sökülməsi, bəzi başdaşılarının dağıdılması, bu barədə Yəhudi İcması tərəfindən onlara heç bir xəbərdarlıq edilməməsi ziyarətə gələnlərin narazılığına səbəb olub. Əşkinazilər bununla bağlı tez bir zamanda komissiya yaradılmasını, dağıdılan qəbirlərin və dəmir çərçivələrin yenidən bərpa edilməsini tələb edirlər.

“Gedin özünüz baxın, biz doğmalarımızın qəbirlərini ziyarət edə bilmirik. Atamın qəbrinin ətrafındakı dəmir çərçivələri söküblər, bizə isə xəbərdarlıq etməyiblər. Qəbirlərin ətrafındakı bu çərçivələr kimə mane olurdu? Hər tərəf bərbad gündədir, qəbirlərin arası ilə keçmək mümkün deyil”, – bunu atasının məzarına baş çəkməyə gəlmiş orta yaşlı yəhidi qadın deyir.

“O gün burada heç addım atmaq da mümkün deyildi. Qəbiristanlığın işçiləri anım mərasimi olduğu üçün yəhidilərin ziyarətə gələcəyini bildiklərinə görə bəzi yerləri təmizləyiblər”, – bunu isə başqa bir təqaüdçü qadın deyir.

Avropa yəhudisi olan Çernyavskiy soyadlı şəxs Azərbaycanı, doğma Bakını çox sevdiklərini dilə gətirir: “Bax, bu atamın, bu xalamın qəbridir. Bütün doğmalarım burada uyuyur, ətrafı söküblər, çərçivələri sındırıb aparıblar, gülləri bir kənara atıblar. Bizə söküntü aparacaqları ilə bağlı xəbərdarlıq etməyiblər. Buna nə ad verəsən axı? Bu vandalizmdir, heç bir dinə, heç bir inanca sığmır. Avropa yəhudiləri lap az qalıb, cəmi 500 nəfərik. Gənclər İsraildə, Amerikada yaşayır, orada işləyirlər, burada qalan biz qocalarıq. Hamımız Bakını çox sevirik, heç yana getmək niyyətimiz də yoxdur. Amma doğmalarımızın uyuduğu bu məzarlığa görə çox narahatıq”.

Əşkinazilər Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin göstərişi ilə dəmir çərçivələrin söküldüyünü iddia edirlər. Avropa Yəhidiləri Bakı Dini İcmasının rəhbəri Gennadi Zelmanoviçin isə bu məsələlərə biganə yanaşdığını deyirlər: “Qəbiristanlıqda Yevdayevin adamları dolaşırlar, təmir işləri aparmaq üçün öz xidmətlərini təklif edirlər, özləri sökür, özləri də tikirlər. Bütün bunlar bizim kimi yaşlı insanlara pis təsir edir. Çox şey bilsək də, susuruq. Buna görə cavab verməli olacaqlar. Bizdən icazəsiz söküblər, səbəbini isə demirlər. Bəlkə dəmir çərçivələri rəngləyək ki, dəyməsinlər, sökməsinlər, nə edəcəyimizi bilmirik. Əvvəl belə şeylər yox idi. İnsanlar başqa ölkələrdə məzarlığa ziyarətə gedir, oturacaqlarda əyləşirlər, bircə bizdə belədir. Daşların arasında güclə keçib gedirik. Sabah gələcəyik ki, qəbirlərimiz də yerində deyil. Dünyanın heç bir yerində belə şey yoxdur”.

Bakı sakini, uzun illər orta məktəbdə müəllimə işləmiş 70 yaşlı Ragina Malinanın yeganə övladı da bu məzarlıqda uyuyur. Oğlunu erkən yaşlarında itirən qadın vaxtaşırı ona “baş çəkdiyini” deyir: “Dünyadan köçənlərin ruhuna hörmətlə yanaşmaq lazımdır. Hasarların yarısını söküblər, bəzi qəbirləri sındırırlar, bu nə deməkdir? Deyirəm sökmüsünüz, deyirlər sizdə hasar olmayıb. Nənəmin, doğmalarımın qəbrinin ətrafındakı dəmir hasarları sökmüşdülər. Sonradan bərpa etdirdim. 1-ci qrup əliləm. Yeganə oğlum burada dəfn olunub. Mənim əlimdən tutub bura gətirirlər”.

“1996-cı ildə yeganə oğlumu faciəvi şəkildə itirdik. Montində dəfn etdik. Həyat yoldaşım 5 il əvvəl dünyasını dəyişib. Montin qəbiristanlığı söküləndə doğmalarımızın hamısını bura gətirib dəfn etdik. Bu ilin aprel ayında oğlumun ildönümündə bura gələndə gözlərimə inanmadım, dəhşət məni bürüdü. Hər yanı sökmüşdülər, pis vəziyyətdə idi, hasarların yarısı sökülmüşdü, dağıdılmışdı, qəbirləri məhv edirlər, dağıdırlar. Soruşdum, dedilər ki, dağ yəhudilərinin rəhbəri tərəfindən belə əmr verilib. İcmanı yığardılar, bizə xəbərdarlıq edərdilər. Kim icazə verib özbaşınalıqla, vandalizmlə məşğul olsun? Ölülərə toxunmağı bütün dinlər yasaq edir, bu qadağandır. Məni burada yaxşı tanıyırlar. Əgər oğlumun qəbrinə toxunsalar nə edəcəyimi yaxşı bilirəm. Bununla bağlı cinayət işi qaldırılmalıdır – vandalizm, özbaşınalıq inanclı insanların hisslərini təhqir etmək”, – Ragina Malina deyir.

R.Malina hazırda sökülən dəmir hasarlara görə əvvəllər onlardan pul yığdıqlarını bildirib: “Bu hasarlara görə bizdən pul alıblar, indi sökürlər, yenisi üçün təzədən pul alacaqlar. Əla biznesdi. Avropa yəhidilərinin sinaqoqu isə bu işlərdə kənarda qalıb. Dağ yəhudilərinin qəbirlərinə isə dəymirlər. Bizim də qəbirlərimizə toxunmayın, dəyməyin. Bütün bunları Yevdayev edir. Yüz faiz əminəm”.

Tatyana İsakovna isə yaxın günlərdə öz vəsaitləri hesabına bərpa işləri görəcəklərini deyir: “Dəmir çərçivələri söküb aparırlar, təhvil verirlər, satırlar. Bu çərçivələri təhvil verib, yəqin yeni evlər tikmək üçün armatur istehsal edəcəklər. Düzdür, bizim qəbirlərə hələ toxunmayıblar. Qohumlarım hamısı İsraildə, Amerikada yaşayır. Sentyabrda gələcək, özümüz yenidən abadlıq işləri aparacağıq. Bunu edənləri cəzalandırmaq lazımdır. Sökülən dəmir çərçivələrin, uçurulan qəbirlərin şəkillərni çəkib Amerikada, İsraildə yaşayan qohumlarımıza, yaxınlarımıza göndərmişik”.

Yasamal Qəbiristanlığının nümayəndəsi isə ətrafda təmir-bərpa, abadlıq işləri aparıldığını bildirib: “Dəmir çərçivələrin sökülməsi ilə bağlı məlumat da verilib. Bizim bu işlərlə heç bir əlaqəmiz yoxdur, söküntü işləri bizdən asılı deyil, bunu icma rəhbərliyi özü edir. Qəbiristanlıqda ot çox olur, yanır, yanğın zamanı maneçilik törədir, yanğınsöndürənlər isə dəmirlərin arasından keçə bilmir. Dəmir hasarlar təkcə əşkinazilərin deyil, dağ yəhudilərinin qəbirlərinin ətrafında da sökülür. yəhudilərinə aid deyil. Ətrafda abadlıq işləri aparılır. Burda başqa məqsəd də yoxdur. Hər şey nəzarətdədir”.

Əşkinazilər isə onları düşündürən sullara cavab axtarırlar: “Söküb aparılan dəmir hasarlar haradadır? Məzarlıqdakı ağacların kəsilməsinə səbəb nədir? Təmir-bərpa adı altında aparılan işlərdən avropa yəhudiləri niyə kənarlaşdırılıb? Abadlıq əlaqədardırsa baş daşları niyə dağıdılır, qəbirlər məhv edilir? İcma rəhbərliyi bu vandalizmə nə ad verir?“

Onlar ölkə başçısına, Baş prokurorluğa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edəcəklərini qərara alıblar.

Dağ Yəhudləri Dini İcmasının sədri Milix Yevdayev virtualaz.org saytına yəhudilərin uyuduğu bu məzarlıqda təmir-bərpa işləri aparıldığını deyib:“Qəbiristanlığa on illər ərzində əl dəyilmədiyi üçün çox bərbad vəziyyətdə idi. Ətrafdakı ağaclar tamamilə qurumuşdu, yararsız hala düşmüşdü. Bu cür hallarda yanğın baş vermə ehtimalı da artır. İcmanın vəsaiti hesabına qəbiristanlıqda kompleks təmir-bərpa işləri aparılır. Yaxın günlərdə bu qəbiristanlığı tamam başqa görkəmdə görəcəksiniz. Hətta videokameralar belə quraşdırılacaq”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə