Ələt azad iqtisadi zonası Azərbaycana nə verəcək? - Ekspertlərin fikri müxtəlifdir

15:36 - 29 May
    12430 oxunma

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Ələt azad iqtisadi zonası (Azad Zona) və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib. Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv olunub.

Sənədlə Nazirlər Kabineti yerquruluşu planlarında göstərilmiş torpaqların "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görəcək. Torpaqların dövlət ehtiyacı üçün alınması yekunlaşdıqdan sonra bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların Azad Zona səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi üçün zəruri normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Fərmana əsasən, Azad Zona səlahiyyətli qurumu Azad Zona səlahiyyətli qurumunun təşkilati strukturunun müəyyən edilməsi ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Azad Zona səlahiyyətli qurumuna lazımi kömək göstərilməsini təmin etməlidir.

Azərbaycan AİZ-i əsasən Çindən Avropaya gedən məhsullara əlavə dəyər qatılması məqsədilə yaradırdı. Çin iqtisadiyyatı isə məlum olduğu kimi, pandemiyadan böyük zərər çəkdi. Bu durumda məqsəd nə qədər doğrula bilər? Ümumiyyətlə, koronavirus pandemiyası AİZ planlarına necə təsir göstərəcək?

İqtisadçı ekspert Rövşən Ağayev pandemiya olmasa belə, Ələt AİZ-in iqtisadiyyatımız üçün böyük fayda gətirə biləcəyinə inanmadığını bildirdi: "Səbəb odur ki, Çindən Avropaya yük daşımalarında alternativ marşurutlarla Azərbaycandan keçən marşurut arasında böyük rəqabət var. Alternativ maşrurut deyəndə əsasən Qazaxıstan-Rusiya-Belorus xəttilə Avropaya çıxan xətti nəzərdə tuturam. Azərbaycan xətti bu xəttə nisbətən məsafə baxımından qısa olsa da, xeyli hissəsi su yolları ilə bağlıdır. Xüsusilə qış aylarında, pis hava şəraitində quru yolları ilə müqayisədə su yollarının buraxıcılıq gücü azalır. Əlavə olaraq, son illər Qazaxıstan və Rusiyanın Belorus vasitəsilə Avropaya daxil olmaq üçün marşuruta həddən artıq nəhəng investisiyalar qoyması, son 10 ildə bu xəttdə daşımaların bir neçə dəfə artması onu göstərir ki, bizim xəttin rəqabət aparması üçün şərtlər xeyli ağırdır. Təki mən yanılım, amma Ələt AİZ-nın İpək Yolu marşurutu hesabına böyük perspektivi olacağı ilə bağlı gözləntilərim o qədər də yüksək deyil”.

Bununla belə, ekspert hesab edir ki, AİZ əhəmiyyətli ola bilər: "Amma coğrafi şərait, xüsusən dünya ticarət qovşaqları üzərində olan ölkə üçün azad bazar islahatları, siyasi-hüquqi islahatlarla dünyaya cəlbedici ölkə üçün bizdə Ələti çox yanlış olaraq Dubayla müqayisə edirlər. Əvvəla, Dubay birbaşa dünya okenana çıxır. İkincisi, Dubay 60-сı illərin sonuna qədər Britaniyanın nəzarətində olub, orda Qərb kapitalı və işgüzar dairələri olub. Ərazi tamamailə Qərbin siyasi və iqtisadi təsiri altında olub və bu gün də belədir. Biz Qərbə inteqrasiya xətti tutsaydıq, Ələtin potensialı daha çox olardı”.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə isə Ələt AİZ-ə dövlət dəstəyinin artırılması ölkə iqtisadiyyatına müsbət təsir edəcək: "Dünya təcrübəsində də biz bu üsulun səmərəliliyini görə bilərik. Lakin bir məsələ də var ki, gələcəkdə Ələt azad iqtisadi zonasındakı iqtisadi güzəştlər bütöv ölkədə tətbiq edilə bilər. Nəzərə alsaq ki, Azərbaycan kiçik bir ölkədir, bütövlükdə ölkə azad iqtisadi zona ola bilər”. 

N.Cəfərli qeyd edib ki, azad iqtisadi zonaların yaranması ümumilikdə keçən əsrin ortalarına aiddir: 

"Keçən əsrin ortaları bir çox ölkələrdə sürətli inkişafı təmin etmək üçün bəzi iqtisadi zonalar yaradıldı. Əsasən də sərhədyanı və ya iqtisadi dinamikanın yüksək olduğu ərazilərdə bu təcrübə tətbiq edildi. Bu da öz növbəsində istehlakçıların, biznesmenlərin marağına səbəb oldu. Xüsusilə də ölkəyə xarici investisiya cəlb edilməsi baxımından çox səmərəli təcrübədir”.

Ekspertin sözlərinə görə, Ələt azad iqtisadi zonasının ölkəmiz üçün bir sıra faydaları olacaq: 

"Birincisi, Abşeron yarımadası, xüsusilə də Bakı və Sumqayıt şəhərlərinin üzərinə düşən iqtisadi yük müəyyən mənada azalacaq. Bu gün bu şəhərlər ciddi sənaye mərkəzləridir. Ölkənin bütövlükdə sənaye yükünü Abşeronda cəmləmək heç də yaxşı hal deyil. Bu mənada Ələt azad iqtisadi zonası sənayeləşmənin regionlara da sıçramasına şərait yaradacaq. İkincisi, bu gün regionlardan Abşeron yarımadasına ciddi mənada insan axını var. Təbii ki, bu, paytaxtın və ətrafının əhali sayına təsir edir. Lakin Ələt azad iqtisadi zonasının yaradacağı imkanlar regionlarda da iş imkanlarını artıracaq. Beləcə regionların inkişafı əhalinin paytaxta axınının qarşısını ala bilər. Üçüncüsü, Ələt azad iqtisadi zonası ölkəyə investisiya axınını sürətləndirəcək”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84