Vatikan Azərbaycan rəssamına qraf titulu verib
Vatikan Azərbaycan rəssamına qraf titulu verib
04 Avqust 2016 / 16:00 / Baxış sayı: 752
Font1 Font2 Font3 Font4
Bizimxeber

Vatikan Zadəgan Heraldika Akademiyası Azərbaycan rəssamına qraf titulunun verilməsi barədə qərar qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, incəsənət sahəsində onun böyük uğurlarının tanınması əlaməti olaraq Vatikan Zadəgan Heraldika Akademiyası Sakit Məmmədova qraf titulunun verilməsi barədə qərar qəbul edib, Avropa Təbiət Elmləri Akademiyası isə rəssamı Konrad Adenauer yubiley medalı və diplomu, alman rəssamı Albrext Dürer medalı və diplomu ilə təltif edib. Mükafatlar rəssama doğum günü münasibətilə təqdim edilib. Avqustun 5-i Sakit Məmmədovun 58 yaşı olur.

Qeyd edək ki, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rəssam Sakit Məmmədov opalizm üslubunun əsasını qoyub.Opalda mövcud olan isti rənglər çələngi Sakit Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun, demək olar, bütün əsərlərində rast gəlinir. Bununla sənətkar göstərmək istəyir ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad edə bilməz. Sevindirici haldır ki, onun əsasını qoyduğu opalizm məktəbini istedadlı tələbələri davam etdirirlər.

Sakit Məmmədovun əsərləri məşhur adamların şəxsi kolleksiyalarında, Vatikan muzeyində, “Opera” qalereyasında (Sinqapur), Bakıda Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Onun işləri dünyanın bir çox nüfuzlu qalereyalarında nümayiş etdirilir. Sakit Məmmədov ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edib.

Prezident İlham Əliyev məhz onun əsərini – Roma Papası II İohann Pavelin portretini Azərbaycanın adından Vatikana hədiyyə edib. Bu il Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi qeyd olunarkən Sakit Məmmədov “Cıdır düzü” əsərini Vindzor qəsrində kraliçaya təqdim edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə