Vahid Mürsəliyev: “Azercell-ə ölkəmizin ən yaxşı kadrları cəlb edilir”
Vahid Mürsəliyev: “Azercell-ə ölkəmizin ən yaxşı kadrları cəlb edilir”
12 Noyabr 2016 / 13:20 / Baxış sayı: 732
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına verilən məlumata görə, bu gün Bakıda “İnsan Resursları Forumu- 2016” adlı beynəlxalq forum işinə başlayıb. Toplantı insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına həsr olunub. Forumun məqsədi insan resursları idarəçiliyi sahəsində beynəlxalq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin, Azərbaycanın elm, biznes və ümumi idarəetmə sahəsində insan qaynaqlarının idarə edilməsinə olan marağı artırmaq, bu sahənin əhəmiyyətini strateji mövqeyə çatdırmaqdan ibarətdir.

Beynəlxalq miqyaslı tədbirdə telekommunikasiya sahəsini təmsil edən yeganə şirkət Azercell Telekom MMC olub. İki paneldən ibarət forumda tanınmış yerli və beynəlxalq qurumların rəhbərləri çıxış ediblər. Forumun 10 əsas spikerindən biri qismində Azercell-in prezidenti Vahid Mürsəliyev çıxış edib.

Azercell prezidenti bildirib ki, yarandığı ilk dövrlərdən etibarən Azercell-də İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir beynəlxalq təcrübəyə uyğundur.

V.Mürsəliyev qeyd edib ki, bazarda stabil və möhkəm mövqeyə malik olan Azercell qlobal şirkətin bir hissəsi kimi beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Bu, Azercell əməkdaşları üçün şirkətdaxili və beynəlxalq karyera imkanları, peşəkar inkişaf üçün əlverişli şərait, təcrübə mübadilələri imkanları yaradır. Məsələn, Azercell-də yetişmiş mütəxəssislər indi Stokholmda, TS Avrasiya ofisinin yerləşdiyi İstanbulda, Özbəkistanda, Gürcüstanda expat olaraq fəaliyyət göstərirlər. Digər tərəfdən, Azercell-ə ölkəmizin ən yaxşı kadrları cəlb edilir. Hazırda şirkətin elə əməkdaşları var ki, onlar öz sahəsində dünya üzrə 6-7 mütəxəssisdən biri sayılırlar.

Bir neçə ay öncə keçirilən İşəgötürən brendi araşdırmasının nəticəsində Azercell bazarda mövcud şirkətlər arasında 3 ən yaxşı işəgötürəndən biri hesab olunub. Azercell hələ 2006-cı ildən Investors in People – Insana Sərmayə Beynəlxalq Standartına uyğunluq sertifikatı əldə edib və hazırda Gümüş IIP sertifikatına sahibdir. Azercell TS Avrasiya üzrə əməyin mühafizəsinə dair OHSAS-sertifikasiyadan keçən 3 şirkətdən biridir.

Cənab Vahid Mürsəliyev şirkətdə mövcud olan əməkdaşlıq və qarşılıqlı yardım mühitinin daim yeni nailiyyətlər əldə etməyə imkan verdiyini vurğulayıb. Bu baxımdan, 2003-cü ildə yaradılan Azercell Akademiyası işçi heyətin inkişafında çox mühüm rol oynayıb. Burada həmçinin yerli bazarda bir sıra dövlət və özəl strukturlara təlimlər keçirilir.

Azercell Azərbaycanda ilk şirkətlərdəndir ki, əməkdaşlarına və onların ailə üzvlərinə tibbi sığorta təmin edib. Azərbaycanda telekommunikasiya bazarının lideri nəinki öz əməkdaşları, o cümlədən cəmiyyətin də inkişafına faydalı olan layihələr həyata keçirir. Bütün bu fəaliyyətlərin nəticəsi olaraq Azercell əməkdaşlarının şirkətə bağlılığı daim yüksək olaraq qalır. Ötən ilki sorğunun nəticələrinə görə, bu göstərici 87 % təşkil edib.

Qeyd edək ki, “İnsan Resursları- 2016” Forumunda insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və bu sahəni kurasiya edən yüksək vəzifəli şəxslər iştirak ediblər. Toplantıda beynəlxalq təcrübə ilə yerli qanunvericiliyinin vəhdətindən əmələ gələcək ən optimal insan resursları idarəçiliyi modellərinin formalaşması istiqamətində müzakirələr aparılıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə