Ukraynadan gələn toyuqlar qidaya yararlı deyil?
Ukraynadan gələn toyuqlar qidaya yararlı deyil?
05 Avqust 2016 / 15:23 / Baxış sayı: 788
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ukraynadan gətirilən toyuq ətinin istifadəyə yararsız olub-olmadığına dair mübahisələr davam edir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məhsulun tərkibində normadan çox su vurulduğundan istifadəyə yararsız olduğunu, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti isə əksini sübut etməyə çalışır.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə toyuq ətinin çirklənməyə məruz qaldığını iddia edir.

“Ukraynadan gətirilən toyuq budlarının yoxlanılması ilə bağlı dövlət qurumlarına müraciət etmişdik. Artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müraciətlərə cavab verib. Məhsuldan götürülən nümunələrdə 30,2 faiz su olduğu aşkarlanıb. Halbuki, standartlara görə, toyuq ətində yalnız 4 faiz su ola bilər”, – deyə E.Hüseynov virtualaz.org saytına açıqlamasında qeyd edib.

Hüquq müdafiəçisi toyuq budlarından istifadə etməməyi tövsiyə edir: “Təəssüf ki, iş adamlarına yaradılan şəraitdən sui-istifadə edənlər var. Dövlət qurumları isə bazarın çirkli məhsullarla doldurulmasına göz yumur”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Ukrayna Respublikasından gətirilən “Katkut” və “Ular” adlı dondurulmuş toyuq əti və budlarına normadan artıq suyun vurulması və keyfiyyəti barədə məlumatlar yayılmışdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti isə respublikaya idxal edilən bütün heyvandarlıq və quşçuluq məhsullarına ciddi nəzarət olunduğunu iddia edir.

Xidmətdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, Dövlət Xidmətinin Respublika Baytarlıq Laboratoriyasında gətirilən hər bir məhsul ”Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”inə uyğun olaraq müvafiq laboratoriya müayinələrindən keçirildikdən, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlı olması müəyyən edildikdən sonra satışına icazə verilir. “Ukraynadan gətirilən “Katkut” və “Ular” adlı dondurulmuş toyuq əti və budlarında Səhiyyə Nazirliyinin 30.04.2010-cıı il tarixli, 25 saylı əmrinə əsasən ”Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə uyğun olaraq müayinələr aparılıb. Həmin tələblərdə quş ətinin mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə müayinə edilməsi nəzərdə tutulub”,-deyə xəbərdə qeyd olunur.

Baytarlıq xidməti məhsulun qida üçün yararlı olduğunu söyləsə də, toyuq ətinin tərkibindəki suyun normadan dəfələrlə çox olduğunun yoxlanılmadığını etiraf edir. “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ində toyuq ətində və budunda nəmliyin kütlə payının yoxlanılması Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən aparılması nəzərdə tutulmayıb. Respublika Baytarlıq Laboratoriyasında mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə aparılan müayinələrin nəticəsinə əsasən Ukrayna Respublikasından gətirilən “Katkut” və “Ular” adlı dondurulmuş toyuq əti və budlarının parametrlər normativlərə uyğun olduğu, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlığı müəyyyən edilib. Eləcə də müayinələr zamanı məhsullarda qida üçün təhlükəli olan qarışıqlar aşkar edilməyib. Aparılan müayinələrin nəticələri nəzərə alınaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həmin məhsulların istifadəsinə icazə verilib”,-baytarlıq xidmətindən belə deyiblər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının idxal-ixracına və istifadəsinə ciddi nəzarət olunur.

Qeyd edək ki, mübahisəyə səbəb olan toyuq əti hazırda satışdadır.

Məhsulun istifadəyə yararlı olub-olmadığı üçün əlavə müayinələrə ehtiyac var.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə