Üçüncü devalvasiya gözlənilirmi ?…
Üçüncü devalvasiya gözlənilirmi ?…
15 Sentyabr 2016 / 10:05 / Baxış sayı: 1012
Font1 Font2 Font3 Font4
Bizimxeber

“İlin sonunadək Azərbaycan manatı dollara nisbətən dəyər itirməkdə davam edəcək və 1 dollar azı, 2 manatadək bahalaşacaq”. Yerli iqtisadçı ekspertlər bu fikirdədir. 
Onların qənaətincə, Mərkəzi Bankın sonuncu hərraca adəti üzrə 50 milyon yox, 300 milyon dollar çıxarması, ölkədə dollar qıtlığının yaşanması ixracatdan asılı olan ölkədə manatla bağlı gedən proseslərin sürətləndiyini göstərir. Medalın digər “üzündəsə” Neft Fondu və Mərkəzi Bankın getdikcə azalan valyuta ehtiyatlarıdır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun fikrincə, hökumət vaxtında devalvasiyaya getməlidir ki, valyuta ehtiyatları tükənməsin. “Manat gec-tez öz dəyərini almalıdır. Biz artıq manatın qorunub saxlanması üçün əlavə vəsait sərf etməməliyik. Mərkəzi Bank 12 milyarda yaxın vəsait xərcləyib və öz ehtiyatlarını azaldıb. Yaxşı olardı ki, vaxtında bu proses öz həllini tapardı və həmin vəsaiti biz real kredit sektorunun inkişafına yönəldərdik. Mərkəzi Bank bununla bağlı açıqlama verməlidir. Manat isə ilin sonunadək ucuzlaşacaq”. 

Mərkəzi Bankın ölkədəki dollar qıtlığı və valyuta ehtiyatlarındakı durumla bağlı son günlər hər hansı açıqlaması olmayıb (azadliq.org). Ekspert Əkrəm Həsənov musavat.com-a açıqlamasında bildirib ki, ilin sonunadək devalvasiya qaçılmazdır və Mərkəzi Bank bu addımı atacaq: “İqtisadi statistik göstəricilər tam yoxdur, hökumət hamısını açıqlamır. Ona görə də vəziyyəti tam təhlil etmək çətindir. Əgər biz nəzərə alsaq ki, ölkənin valyuta ehtiyatları 40 milyard dollardır, prinsipcə, ölkə istəsə, bir neçə il də devalvasiyaya getməyə bilər. Amma bu, o deməkdir ki, bir neçə il ərzində valyuta ehtiyatlarını tam yeyib qurtaracağıq, pulumuz qalmayacaq. Buna görə də əlbəttə ki, dövlət buna getməyəcək. Hökumət buna imkan verə bilməz. İqtisadiyyatda ümumi qayda belədir ki, valyuta məzənnəsini saxlamaq üçün yalnız Mərkəzi Bankın resurslarından istifadə edilməlidir. Bu gün Neft Fondunda ehtiyat 35 milyarddan çoxdur, Mərkəzi Bankda da 4 milyarddan çoxdur. Təxmini bir yerdə 40 milyard dollardır. Amma Neft Fondunun ehtiyatı milli valyutanın məzənnəsinin saxlanması üçün istifadə oluna bilməz. Deməli, qalır 4 milyard. O da çox kiçik bir rəqəmdir. Mərkəzi Bank manatı zorla saxlamağa davam etsə, maksimum bir ilə bu ehtiyatın axırına çıxacaq. Buna görə hesab edirəm ki, sırf məsələyə iqtisadi, elmi yanaşsaq, bu gün hökumət devalvasiyaya getməlidir. Əgər yenə bir neçə ay prosesi durdurmaq istəsələr, ilin axırınadək manatı saxlamaq üçün Mərkəzi Bankın 4 milyardından bir milyardı gedər. İnanmıram ki, buna imkan versinlər”.

Ekspertin sözlərinə görə, böyük ehtimalla, ilin sonuna qədər devalvasiya gözlənilir: “Mərkəzi Bank üçün 4 milyard manatın saxlanılması başadüşüləndir. Mərkəzi Bank valyuta ehtiyatının bu məbləğdən aşağı düşməsinə imkan vermir. Çünki dövriyyədə 7 milyardlıq milli valyutamız var. Bunu bu günə olan dollar kursuna çevirsək, görəcəyik ki, 4 milyard dollar edir. Dəqiq desək, bu gün dövriyyədə manat həcmi 7 milyard 412 milyondur. Mərkəzi Bankın valyuta ehtiyatı isə 4 milyard 192 milyon dollardır. Bu günə olan dollar kursu ilə 4 milyard 360 milyon edir. Bu da o deməkdir ki, Mərkəzi Bank imkan verməyəcək ki, əlindəki dollar buraxdığı milli valyutadan az olsun. Mərkəzi Bank ehtiyatının 4 milyarddan aşağı enməsinə imkan verməyəcək. Yüz milyonunu verə bilər, vəssalam. Əgər manatı sabit saxlasalar, yenə də Neft Fondunun ehtiyatları hesabına ediləcək. O isə daha pisdir. Əslində Neft Fondundakı pulların təyinatı tam başqadır”. 
İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, indi hökumətin masası üzərində iki seçim var: “Ya birdəfəlik kəskin devalvasiyaya getmək, ya da manatın dəyərsizləşməsi prosesini ilin sonunadək tədricən həyata keçirmək. Bununla da yeni maliyyə ilinə keçid zamanı Neft Fondunun valyuta ehtiyatlarına da qənaət etmiş olur”.

Amma ekspertə görə, hər iki yol Azərbaycan iqtisadiyyatını uçuruma aparır: “Bu prosesin iqtisadiyyata ən böyük təsiri bank sektoruna olacaq. Onsuz da tənəzzüldə olan bank sektoru getdikcə daha çox problemlərlə üzləşəcək. Kreditlərin yığılmasında problem olacaq. Problemli kreditlərin həcmi pikə qalxacaq. İkinci zərbə pərakəndə satışa dəyəcək. Qiymətlərin sürətlə qalxması, inflyasiyanın artması insanların onsuz da aşağı düşən alıcılıq qabiliyyətini daha da aşağı salacaq. Ticarət şəbəkələri ciddi problemlərlə üzləşəcək, həm ticarət dövriyyəsi, həm gəlirlilik, həm də iş yerləri getdikcə azalacaq”.

Ötən ilin sonunda devalvasiya baş verən zaman 2016-cı maliyyə ilində dövlət büdcəsinə transfer zamanı Neft Fondu təxminən 2 milyard dollar qənaət etmiş oldu. Ekspertlər təkcə devalvasiya yolu ilə valyuta ehtiyatlarını yalnız qısa müddətə qorumağın mümkün olduğunu deyirlər. Ölkəyə əlavə valyuta axını olmazsa, büdcə ehtiyacları, həyata keçirilən layihələr, beynəlxalq valyuta öhdəlikləri nəzərə alınarsa, hazırki ehtiyat fondu yalnız bir il, il yarıma bəs edər.

“Valyuta ehtiyatlarını qoruduqca da ölkədə inflyasiya yüksələcək, qiymətlər artacaq və həm iqtisadi aktivlik, həm də insanların gəlirləri və nəticədə yığılan vergilər azalacaq. Vergi yığımı azaldıqca hökumət məcbur olacaq ki, Neft Fondundan əlavə vəsait istifadə etsin. Azərbaycanda normal iqtisadi model, normal iqtisadi islahatlar olmadıqca bu problem həmişə qalacaq. Ancaq devalvasiya yolu ilə ehtiyat valyutanın qorunmasına davam edilərsə, manatın hər 3-5 aydan bir dəyərdən düşməsini gələn il də görəcəyik”, – deyə Cəfərli qeyd edib.

Manat dollara nisbətdə iki dəfə dəyər itirməsi ilə eyni vaxtda Mərkəzi Bank üzən məzənnə rejiminə keçdiyini elan edib. Yəni manatın məzənnəsinin başlıca olaraq valyuta bazarındakı tələb və təklifə uyğun olaraq formalaşacağını bildirib. Amma ekspertlər ölkədə real üzən məzənnə rejiminin olmadığını, manatın dəyərinin inzibati yolla müəyyənləşdirildiyini iddia edirlər. (musavat.com)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə