Təhsil Şurası Məktəbəqədər Təhsil işçilərinin Birinci Respublika Forumunu keçirdi
Təhsil Şurası Məktəbəqədər Təhsil işçilərinin Birinci Respublika Forumunu keçirdi
12 Oktyabr 2016 / 11:49 / Baxış sayı: 888
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Təhsil Şurası oktyabrın 8-də Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində Məktəbəqədər Təhsil İşçilərinin Birinci Respublika Forumunu keçirdi. Forum “Məktəbəqədər təhsil müasirlik müstəvisində” mövzusuna həsr olunmuşdu.

Forumda Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Təhsil Şurası İdarə heyətinin üzvlərindən professorlar Mirzəli Murğuzov, Asəf  Zamanov, Nazim Kazımov, əməkdar müəllimlər Aliyə Təhmasib, Həqiqə Məmmədova, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, Kəmalə Qədirova, Samir Mehdizadə, Sevinc Abbasova, “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri Yusif Əliyev, eləcə də respublikamızın ayrı-ayrı rayonlarından məktəbəqədər təhsil sahəsinin mütəxəssisləri, bu sahənin tədqiqatçıları iştirak edirdilər.

Forumu giriş sözü ilə açan Təhsil Şurasının sədri professor Əjdər Ağayev Azərbaycanda məktəbəqədər təhsil sahəsinin inkişaf tarixindən, bu sahədə zaman-zaman həyata keçirilən inkişafyönümlü layihələrdən, həmçinin dünya təcrübəsindən bəhs etdi. Ə.Ağayev Azərbaycanda məktəbəqədər təhsil sisteminin yeniləşməsinə, burada fundamental işlərin görülməsinə zəruri ehtiyac olduğunu diqqətə çatdırdı.

Qeyd etdi ki, uşağın inkişafı, təlimi, təhsili, tərbiyəsi işinin özülü məktəbəqədər təhsil müəssisələrində qoyulur. Təəssüf ki, ölkəmizdə uşaqların məktəbədədər təhsil müəssisələri ilə əhatə olunması aşağı səviyyədədir. Buna baxmayaraq, səmərəli iş təcrübəsi olan məktəbəqədər təhsil müəssisələri və bu müəssisələrdə çalışan qabaqcıl mütəxəssislər vardır. Məktəbəqədər təhsil müəssisələri üçün tikilən yeni binalar, bu binaların müasir texnologiyalarla təchiz olunması gələcəkdə bu sahədə nailiyyətlərin əldə olunacağından soraq verir.

Qabaqcıl təcrübəni ümumiləşdirmək, yaymaq, mövcud problemləri müzakirə etmək və aradan qaldırmaq yollarını müəyyənləşdirmək üçün məktəbəqədər təhsil müəssisələrində çalışanların toplantısını keçirməyə ehtiyac vardır. Bu ehtiyacı və mütəxəssislərin arzusunu nəzərə alaraq Təhsil Şurası Məktəbəqədər Təhsil İşçilərinin Birinci Respublika Forumunu keçirməyi nəzərdə tutmuşdur.  Forumun məqsədi məktəbəqədər təhsil işçilərinin peşəkarlığının artırılmasında modernləşmədən istifadənin nümayişi və qabaqcıl təcrübənin təbliğidir.

Forumda Təhsil nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva “Məktəbəqədər təhsil müasirlik müstəvisində”, psixoloq Aysel Həsənova “Narahatlıq və stresin idarə olunması”, ADA Universitetinin müəllimi Ülviyyə Mikayılova “Məktəbəqədər təhsilin aktual təlim modellərində oyun vasitəsi ilə öyrətmə”, “Smart Technologies” şirkətinin direktoru Ülviyyə Əhmədova „Məktəbəqədər təhsildə İKT –nin tətbiqi imkanları“, ARTPİ-nin Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri Laləzar Cəfərova „Azərbaycanda məktəbəqədər təhsilin məzmunu və təşkili məsələləri”, praktik psixoloq, UNİSEF-in eksperti Şərafət Şirinli “Uşaqlarda yaradıcı təfəkkürün inkişafı”, Animasiya studiyasının bədii rəhbəri, ssenarist, rejissor,  əməkdar mədəniyyət işçisi Elçin Axundov “Cizgi filmləri və bədii personajların uşağın inkişafina təsiri”, Abdulla Şaiq adına Azərbaysan Dövlət Kukla Teatrının baş rejissoru  Qurban Məsimov “Kukla teatrı və uşaq”, “Məktəbəqədər  və ibtidai təhsil” jurnalının şöbə redaktoru, doktorant Xalidə Həmidova «Şəxsiyyətin formalaşmasına məktəbəqədər təhsil mütəxəssisinin təsir imkanları» mövzusunda məruzə etdilər. ADPU-nun professoru, məktəbəqədər təhsil fakültəsinin dekanı, professor Şəhla Əliyeva məktəbəqədər təhsil sahəsində kadr hazırlığı sahəsində mövcud vəziyyətdən bəhs etdi.

Qeyd edək ki, çıxışlar informasiya-kommunikasiya texnologiyalarının tətbiqi şəraitində, əyanilik, təcrübənin praktik olaraq nümayişi fonunda aparıldı. Məktəbəqədər təhsil sahəsində dünya təcrübəsinin, eləcə də Azərbaycanda qabaqcıl iş təcrübəsinin nümayişi, bu sahədə yeni texnologiyaların tətbiqindən əldə olunan nəticələrin təhlili böyük maraq doğurdu.

Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə