Sürüşmə olan zonalarda təhlükə artır
Sürüşmə  olan zonalarda təhlükə artır
04 Avqust 2016 / 14:15 / Baxış sayı: 934
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ölkə ərazisindəki bəzi sürüşmə zonalarında aktivlik müşahidə olunur.

Ötən ayın təhlilləri bunu deməyə əsas verir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib.

Region TV xəbər verir ki, sürüşmə zonalarında olan çatlar yağış suları ilə dolur və nəticədə çatlar genişlənir. Qeyri-sabit hava şəraiti bəzi yerlərdə sürüşmə prosesini sürətləndirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin iyul ayı üçün təhlilləri göstərir ki, paytaxtın Zığ və Masazır qəsəbələrindəki sürüşmə bölgələrində aktivlik müşahidə olunur. Bu sahələrdə olan çatlar 1 santimetrədək genişlənib. Bölgələrdə isə yeni sürüşmə zonası qeydə alınıb.

Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev deyir ki, İsmayıllının Basqal yolu üzərində yeni sürüşmə ocağı qeydə alınıb: “Orada sürüşən ərazinin uzunluğu 1 kilometrə çatıb”.

Sürüşmənin aktivləşdiyi digər bölgələr isə Şamaxı, Talış zonası, Muğanlı-İsmayıllı, Bakı-Ağsu və Bakı-Şamaxı yolunun keçdiyi ərazilərdir. Sürüşmə nəticəsində yolların bəzi hissələri sökülsə də, sonradan bu problem artıq aradan qaldırılıb, təhlükəsizlik tədbirləri görülür.

Ələmdar Piriyev bildirir ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində yolun bir hissəsində istinad divarı qurulub: “Zığda da əhalinin təhlükəsizliyi üçün müəyyən evlərdən köçürülmə olub. Basqal yolunda baş verən sürüşmə zamanı 7 evə ziyan dəyib, o evlərdə yaşayanlar təhlükəsiz əraziyə köçürülüb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirirlər ki, sürüşmənin aktiv olduğu yerlərdə vəziyyət kritik həddə çatarsa, burada yaşayan insanlar köçürüləcək.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə