Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Sürücüləri qarət edən “İskəndər Asa” kimindir: Dövlət içində dövlət? – Polkovnik açıqladı

1212 oxunma | Tarix: | 2 ay öncə

Bakı Nəqliyyat Agentliyi Bakıda parklama yerlərinin ödənişsiz, sürücülərdən pul alınmasınınsa qanunsuz olması ilə bağlı açıqlama yayıb. Lakin buna baxmayaraq, Bakının demək olar ki, hər yerində bəzi şəxslər sürücülərdən pul tələb edir, üstəlik ödənişə görə də POS-terminalla sürücülərə qəbz verirlər. Qəbzdə isə “İskəndər Asa Parkinq” adlı müəmmalı bir MMC-nin adı qeyd olunur. 

Bəs bu MMC kimə tabedir, sürücülərdən yığılan pullar hara gedir? Əlaqədar dövlət orqanları hara baxır? Bu günə kimi bir məsuliyyətə cəlb etmə faktı qeydə alınıbmı?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Qaynarinfo-ya bildirdi ki, bu məsələni araşdırmaq BNA-nın səlahiyyətində deyil:

 
“Bu sualın cavabı sizin kimi bizə də çox maraqlıdır. Lakin bunu araşdırmaq bizim səlahiyyətlərə aid məsələ deyil. Buna görə də təklif edirəm ki, problemi mətbuat araşdırsın.
Bizim faktla bağlı hər hansı bir məlumatımız yoxdur. Ancaq məsələ ilə bağlı BNA tərəfindən müvafiq qurumlara müraciət olunub. Dediyim kimi, alınan vəsait qanunsuzdur. Vətəndaş qanunsuz hərəkətlə üzləşdiyi halda təbii ki, hüquq-mühafizə orqanlarına müraciət etməlidir”.
Əldə etdiyimiz məlumata görə, yuxarıda adı qeyd olunan İskəndər Asa Parkinq MMC əvvəllər Bakı şəhər İcra Hakimiyyəti ilə işləyib. Daha sonra bu səlahiyyət İcra Hakimiyyətindən alınaraq BNA-ya verilib. Sonradan Nəqliyyat Agentliyi də nə üçünsə bu şirkətlə işləməkdən imtina edib. Baxmayaraq ki, parkinq yerləri BNA-nın tərkibində olsa da, bu şirkət bir çox parklama yerlərində iş başındadır.
“Bəli, biz yerləri təhvil almışıq. Amma qiymət hələ təsdiqlənməyib. Qiymət təsdiqlənmədiyi halda necə pul alına bilər? Bu şəxslər qanunsuz olaraq BNA-ya aid olan parklama yerlərində sürücülərdən pul toplayırlar”, – BNA sözçüsü əlavə etdi.
Yol nəqliyyatı eksperti Elməddin Muradlı da Qaynarinfo-ya açıqlamasında bildirdi ki, vətəndaşlar ayıq olmalı və paytaxtda soyğunçuluqla məşğul olan İskəndər Asa Parkinq MMC-nin əməkdaşlarına pul verməməlidirlər:
“İskəndər Asa Parkinq MMC hüquqi şəxsdir, bir şirkətdir və bu şirkət iddia edir ki, onlar o parkinqləri Bakı şəhər İcra Hakimiyyətindən icarəyə götürüblər. Parkinq məsələsinə İcra hakimiyyəti nəzarət etdiyi dövrdə bunlar Bakı şəhər İcra Hakimiyyəti ilə müqavilə bağlayıblar və 100-ə yaxın parkinq onlara icarəyə verilib. Bu səlahiyyət Bakı şəhər İcra Hakimiyyətindən alındıqdan sonra həmin şirkətin əl-qolu bir az da genişlənir və Bakı şəhərində bütün parkinqlərə sahiblik etməyə başlayırlar.
Lap götürsək ki, qanuni müqavilə ilə onlara 100-ə yaxın parkinq verilib, ancaq onlar 100-ə yaxın parkinqlə kifayətlənmirlər, yaranmış boşluqdan istifadə edərək bütün parkinqlərə adamlar qoyub pul yığırlar. Xüsusi Pos-terminalları var, onları göstərib, insanlara hədə-qorxu gəlirlər ki, ödəniş etməsəniz, sizə cərimə gələcək və s. kimi metodlardan istifadə edirlər. Konkret desək, soyğunçuluqla məşğuldurlar.
Şəhərin ortasında İskəndər Asa Parkinq MMC əməkdaşları soyğunçuluğa yol verir və bunu çox təəssüflər olsun ki, bütün strukturlar bilə-bilə, qarşısını almaq üçün heç bir tədbir görmürlər. Mən BNA-nın açıqlamasını qəbul edirəm, başa düşürəm. Onlar öz üzərlərinə düşən missiyanı yerinə yetirib açıqlama verirlər ki, bizlik deyil. Amma kimlikdi, onu da demirlər. “İskəndər Asa Parkinq”in sahibinin kim olduğunu bir çox struktur bilir. Sadəcə olaraq, boş buraxıblar, onlar da bundan məharətlə istifadə edirlər, qanunsuz olaraq vətəndaşlardan pul yığırlar. Mənə elə gəlir ki, onların Bakı şəhər İcra Hakimiyyəti ilə olan müqaviləsinə dərhal xitam verilməli və onlar bu işdən kənarlaşdırılmalıdır. Əgər bu səlahiyyət İcra Hakimiyyətindən alınıbsa, onun verdiyi müqaviləyə də xitam verilməlidir. Başqa yol qalmır. Vətəndaşlar da ayıq olmalı, onlara pul verməməlidirlər. Çünki “İskəndər Asa Parkinq”in buna səlahiyyəti çatmır”.
Məsələni dəqiqləşdirmək üçün “işarə oxları”nın tuşlandığı Bakı şəhər İcra Hakimiyyətinə də müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov açıqlamasında bildirdi ki, “Keçən ilin aprel ayından Bakı şəhərindəki bütün parkinqlər, yeraltı və yerüstü dayanacaqların səlahiyyəti Bakı Nəqliyyat Agentliyinə verilib. Ona görə də bu məsələnin Bakı şəhər İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Çünki dediyim kimi, bütün səlahiyyətlər BNA-ya verilib”.
Onu da qeyd edək ki, İskəndər Asa Parkinq MMC ilə bağlı axtarışlarımız nəticəsiz qaldı. Çünki sözügedən qurumla bağlı rəsmi ünvana, sayta, telefon nömrəsinə, bir sözlə, əlaqə yaratmaq üçün heç bir vasitəyə rastlamadıq – xəbər saytlarında yer alan mənfi xəbərlərdən başqa…
Bəs bu qurum hara baxır, haradan, kimdən, hansı dövlət qurumundan icazə alaraq sürücülərdən pul yığır?
“Belə olan təqdirdə sürücülərə ancaq diqqətli olmaq düşür”. Bunu isə Qaynarinfo-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov dedi. Polkovnik xüsusi olaraq vurğuladı:
“Bir halda ki, pulsuz olan parklama yerlərində qeyri-qanuni yolla pul yığılır, sürücülər diqqətli olub bu məsələ həllini tapana qədər pul verməsinlər. Yox, əgər kimsə sürücülərdən israrla pul tələb edirsə, ərazi üzrə polis orqanlarına müraciət edərək şikayət etmələrini tövsiyə edirəm”.
XƏBƏRLƏR:  Vaqif Əsədov hospitala yerləşdirildi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir