Şurada ictimai müzakirəsi keçirildi
Şurada ictimai müzakirəsi keçirildi
27 İyul 2016 / 16:36 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin növbəti ictimai müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov milli iqtisadiyyatın strateji yol xəritəsinin müasir inkişafın tələblərinə uyğun şəkildə hazırlanmasının əhəmiyyətini vurğulayıb. F. Qurbanov Azərbaycanda iqtisadiyyatın inkişafı üçün həyata keçirilən dövlət tədbirlərinin effektivliyindən danışaraq ölkə QHT-lərinin də bu prosesdə fəal iştirakının vacib olduğunu bildirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, “Milli iqtisadiyyatın strateji yol xəritəsi” çərçivəsində dünya miqyasında kapital, istedad və bazarlar uğrunda mübarizədə Azərbaycanın uğurla mövqe qazanması üçün imkanlar müəyyənləşdirilib. İcraçı direktor Mərkəzin yaradıldığı gündən indiyədək gördüyü işlər haqqında QHT təmsilçilərinə məlumat verib. Vüsal Qasımlı Azərbaycanın orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməsi üçün yüksək gəlirli və elm-tutumlu sahələrin inkişafının vacib olduğunu deyib. Miqyas effektinin təsirindən qaçmaq üçün Azərbaycan istedadların və özəl şirkətlərin “kritikhəcmi”nə malik ekosistem qurmalı və bir neçə sahədə ixtisaslaşmalıdır. Yalnız dərin ixtisaslaşma Azərbaycana dünya bazarında mövqelərini daha da gücləndirməyə imkan verəcək: “Diversifikasiyadan ixtisaslaşmaya doğru getmək lazım olacaq. Nisbətən kiçik miqyaslı Tayvan, Koreya, Sinqapur və Malayziya kimi ölkələrin uğur hekayətinin arxasında bir neçə sektorun üzərində fokuslaşmaq kimi səbəb dayanır. Çünki hökümət çox deyil, optimal sayda sektorları prioritet elan edəndə resursların səmərəli paylanması təmin edilir. Milli iqtisadiyyatın strateji yol xəritəsi məhz bu perspektivdən də faydalıdır”.

Toplantıda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmmməd Nuriyev və “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov məruzə ilə çıxış ediblər.

Sonra Ruslan Atakişiyev, Sevgim Rəhmanov, İsrail İsgəndərov, İndira Şəmsivari, Niyaməddin Orduxanlı, Rəhilə Teymurova, Solmaz Əliyeva, Eyyub Hüseynov, Seymur Əzəmətov, Vaqif Rüstəmov, Jalə Hacıyeva və digər QHT rəhbərlərinin çıxış etdiyi müzakirələrdə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi ilə bağlı təkliflər səsləndirilib. QHT sədrləri dünya təcrübəsindən çıxış edərək adıçəkilən sənədin hazırlanma prosesində vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakının faydalı olacağını deyiblər.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə