Əsas menu

“Şübhələnmək lazımdır ki, bu necə qurumdur…” – Sərdar Cəlaloğlu AXH-dən danışdı 

Bir neçə gündür, Azərbaycan Xalq Hərəkatı ( AXH) daxilində qarşıdurma, intriqa müşahidə olunur. Hətta dünən  təşkilatın üzvləri  ayrı-ayrı iclaslar keçirdilər. Düzdür, hazırda iki qanada parçalanmış Azərbaycan Xalq Hərəkatının birləşməsi üçün danışıqlar aparılır.

Lakin ötən gün hazırda İngiltərədə olan Qurban Məmmədovun hərəkat rəhbərliyində olan şəxslərdən biri ilə yazışmasının Real TV-də  nümayiş etdirilməsi hadisələri bir qədər də sürətləndirdi.

Baş verən proseslərlə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən olan Sərdar Cəlaloğlu “Yeni Sabah”a danışarkən qeyd edib ki, AXH-nin əvvəldən təməli möhkəm qurulmayıb:

“Bilirsiniz, ilk gündən biz də həmin təşkilatda idik. Amma hərəkatın idarə heyətinin elə ilk iclasında qəbul etdiyimiz qərara zidd olaraq  fərqli idarə heyəti yaradıldı, biz ordan uzaqlaşdıq. Bir şeyin ki, fundamenti səhv qoyulub, onun üzərində düz nəsə tikmək mümkün deyil. O vaxt da öz aramızda düşündük ki, bu gedişatla proses uzağa gedə bilməz. Əgər doğrudan da bir hərəkat varsa, müəyyən məqsəd ətrafında birləşiblərsə, onda adamların elə bir əhəmiyyəti yoxdur.

Tarix diktə edirsə, mütləq hadisələr baş verəcək. Sadəcə şəxsiyyətlər onu sürətləndirə və ya uzaqlaşdıra bilərlər, bundan artıq nəsə olası deyil. O ki qaldı, indiki vəziyyətə, mənə elə gəlir ki, bütün məsələlərin  bir çıxış yolu var, o da demokratiyaya əməl etməkdir. Belə olan halda proseslər asanlıqla yoluna qoyula bilər. AXH ilk imtahanını verir. Doğrudan da bu bir xalq hərəkatıdır, yoxsa hansısa adamların adından həyata keçirmək istədiyi bir prosesdir. Bu baxımdan baş verənləri izləmək lazımdır. Bütün bunlar subyektiv fikrimdir, çünki təşkilatın idarə heyətində təmsil olunmuram. Təşkilat üzvləri  nizamnaməyə uyğun hansısa qərar qəbul edəcəklərsə, öz işləridir”.

S.Cəlaloğlu qeyd edib ki, AXH-də baş verən prosesləri müxalifətin parçalanması kimi qiymətləndirmək düzgün deyil:

“Məhəmməd Əmin Rəsulzadənin həmrəyliklə bağlı belə bir fikri var – Həmrəylik o yerdə ola bilər ki, tərəflər eyni təhlükə qarşısında qalsınlar. Bu gün tutaq ki, müəyyən ictimai basqı altında və ya qabaqcadan düşünülmüş şəkildə hərəkata daxil edilmiş insanların  ordan ayrılmasını müxalifətin parçalanması kimi adlandırmaq olmaz. Ümumiyyətlə birləşmə və ayrılmağa qaldıqda isə, bu normaldır. Siyasi hərəkatlar, bloklar da siyasi canlılıqdır. Parçalanmalar, birləşmələr olmalıdır.

Əksinə əgər hər hansı blokda yeknəsək olaraq eyni qüvvələr qalarsa, ayrılmalar olmazsa, o zaman şübhələnmək lazımdır ki, bu necə qurumdur. AXH-ni isə müxalifətin adına bağlamaq düzgün deyil. Adından göründüyü kimi AXH müxalif hərəkat deyil. Ola bilsin ki, hökumətdən də kimlərsə qoşulsun. İqtidar da xalqdır da…

Ona görə AXH-nin müxalif bloku qaydasında təşkil olunmasını əvvəlcədən yanlış hesab edirdim. İdarə heyəti, nizamnamə və.s  bunlar daha çox sərt struktura malik təşkilatlar üçün xarakterikdir. AXH-də axıra yaxın, məqsədlərə nail olanda bu cür addımlar atılmalıdır. Bu baxımdan düşünürəm ki, hərəkatın mahiyyəti ilə forması arasında ziddiyyət var.

Müşahidə etdiyimiz hadisələr də ziddiyyətlə bağlıdır. AXH-də nizamnamə olmamalıdır, aşağıdan yuxarıya insanlar toplaşmalı, öz aralarında lider seçməlidir, rəhbərlik isə ümumi prosesi idarə etməlidir, strukturlaşmanı yox.   Bundan sonra da AXH-dəki bu cür proseslər davam edəcək. Bundan əvvəl Nemət Pənahlı idarə heyətindən uzaqlaşdırıldı, indi kimlərinsə uzaqlaşdırılması tələb edilir. Bir azdan yenə kimlərsə həmin siyahıya düşəcək.  Dediyim kimi hərəkat adı qoyublar, amma onu təşkilat kimi idarə etmək istəyirlər. Bu da bir ziddiyyətdir”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*