Stalin Filippində: küçə itləri kimi güllələnənlər, ölüm mələkləri, 100 min cəsəd…
Stalin Filippində: küçə itləri kimi güllələnənlər, ölüm mələkləri, 100 min cəsəd…
09 Sentyabr 2016 / 17:37 / Baxış sayı: 1280
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu günlərdə Asiya-Sakit Okean hövzəsi ölkələrinin Vyetnamda keçirilən sammiti ərəfəsində Filippin prezidenti Rodriqo Dutertenin ABŞ prezidenti Barak Obamanın anasına söyməsi dünya mətbuatının əsas xəbərlərindən birinə çevrildi.

Virtualaz.org saytının da xəbər verdiyi kimi Asiyada yerləşən ada dövlətinin bir neçə ay əvvəl hakimiyyətə gələn yeni prezidenti dünyanın ən qüdrətli dövlətinin başısına “fahişənin oğlu” deyə ona görə söymüşdü ki, Obama onun narkotik alverçilərinə qarşı başlatdığı qəddar mübarizəni tənqid edirdi.

Obama hazırlaşırdı ki, Vyetnamda Duterte ilə görüşüb ona narkotik alverçilərinin məhkəməsiz-filansız kütləvi şəkildə güllələnməsi praktikasına son qoymağa çağırsın. Lakin Duterte təyyarədə onu müşaiyət edən jurnalistlərin sualına cavab olaraq dedi ki, əgər Obama Filippinin daxili işlərinə qarışmağa cəhd etsə “qancıq oğlunu” söyəcək…

Doğrudur, Obama Dutertenin söyüşünə adekvat cavab vermədi, təkcə onunla planlaşdırılmış rəsmi görüşünü ləğv etməklə kifayətləndi. Bununla belə onlar Vyetnam sammitinin kuluarlarında hər halda görüşdülər. Bu, Dutertenin işlətdiyi söyüşə görə üzrxahlıq etməsindən sonra baş verdi.

Bəs Filippində Obamanın anasının bu cür “yad edilməsi” ilə müşaiyət olunan antinarkotik kampaniyası necə başladı? Necə oldu ki, Filippinin öz Stalini peyda oldu və  bu ölkədə narkotik alverçilərinin küçənin ortasındaca güllələnməsi praktikası necə başladı?

Bu suallara cavab verməzdən əvvəl Filippində narkomaniya ilə bağlı vəziyyət haqda qısaca bəhs etmək yerinə düşür.

Virtualaz.org xəbər verir ki, əhalisi 100 milyon nəfəri keçən, bir vaxtlar İspaniyanın, daha sonra ABŞ-ın müstəmləkəsi olan, 1946-cı ildə müstəqilliyini əldə edən Filippin dünyada narkomaniyanın ən çox yayıldığı ölkələrdən biridir. Eyni zamanda beynəlxalq narkomafiyalar Filippindən narkotik maddələrin tranziti üçün də geniş istifadə edir.  Manilada yerləşən Pacific Strategies & Assessments konsaltinq şirkəti bildirir ki, Filippin bütün Asiya üçün sintetik narkotiklərin əsas istehsalçısı və tranzit ölkəsidir.

O cümlədən hüquq-mühafizə, ədliyyə orqanlarını bürümüş sistemli korrupsiya narkobiznesin çiçəklənməsinə imkan yaradan başlıca şərtlərdən biri hesab olunur. Filippində nəinki aşağı rütbəli polislər və məmurlar, eləcə də hökumət üzvləri, deputatlar və digər yüksək vəzifələlilər arasında narkotik biznesini himayə edənlər geniş yayılıb.

ABŞ Dövlət Departamentinin narkotiklərlə mübarizəyə dair 2016-cı il hesabatında göstərilir ki, ölkədə narkotik maddələrdən asılı olanların sayı 1.7 milyon nəfərdən çoxdur. Lakin bu, rəsmi statistikadır. Qeyri-rəsmi rəqəmlərə görə ölkədə narkomanların sayı milyonlarladır, hətta on milyonu ötür. Bunlar narkotiklərdən asılı vəziyyətə düşənlərdir, ümumiyyətlə isə filippinlilərin az qala üçdə ikisi bu və ya digər şəkildə narkotiklərdən istifadə edir.

Ölkədə narkotik alverinə və istfadəsinə görə sərt cəza tədbirləri nəzərdə tutulsa da ucuz narkotiklər Filippində geniş yayılıb. Kimyəvi narkotik olan metamfetamin, yaxud Filippin küçələrində deyildiyi kimi “şabu” ölkədə ən geniş yayılmış narkotikdir. Marixuana isə ikinci yerdədir. Qiyməti baha olduğundan kokain Filipində çox az istifadə olunur. Axı ölkə əhalisi endemik yoxsulluqdan əziyyət çəkir və onların bu cür bahalı narkotik almağa imkanları yoxdur.

Metamfetamin isə Filippində narkomafiyanın nəzarətində olan çoxsaylı laboratoriyalarda istehsal olunur. Habelə Meksikanın “Sinaloa” narkokarteli, yapon və çin narkomafiyası üçün Filippin əsas bazarlardan biridir. Bir sözlə, narkomaniya və narkotik biznesi bu kasıb ada dövlətinin gələcəyini təhdid edən problemə çevrilib.

Virtualaz.org qeyd edir ki, keçmişdə vəkil işləyən, heç vaxt Filippin siyasi elitasına daxil olmayan populist Rodriqo Duterte də seçki kampaniyasını məhz bu problemlə mübarizə vədləri ilə başladı. Lakin 71 yaşlı Dutertenin vədləri istənilən başqa siyasətçilərin seçki vədlərindən fərqlənirdi. O, başqaları kimi yağlı vədlər vermədi, seçki kampaniyasına başlayan kimi elan etdi ki, hakimiyyətə gəlsə bütün narkotacirləri güllələdəcək. “Bu işdə çoxları öləcək, 100 min adam öldürüləcək. Manila körfəzinin balıqları meyit yeyib kökələcəklər”-Dutertenin seçkiqabağı vədi belə səslənirdi.

Prezidentliyə namizəd deyirdi ki, ölkədə narkomaniya bəlasının qarşısını almağın yeganə yolu zəhər alverçilərinin kökünü kəsməkdir. “Lap mənim öz uşaqlarım da narkotik istifadə etsə onları şəxsən özüm güllələyəcəm”-Duterte seçicilər qarşısında vəd edib.

Yəqin ki, dünyanın başqa istənilən normal dövlətində insanları məhkəməsiz-filansız güllələtməyə hazır olan siyasətçini prezident seçməzdilər. Ancaq narkomaniya bəlasına düçar olmuş filippinlilər Duterteni doğrudan da xilaskar kimi gördülər, o, böyük üstünlüklə seçkilərdə qələbə qazandı və bu ilin iyun ayının 30-da səlahiyyətlərinin icrasına başlayan kimi verdiyi vədə sadiq qaldı. Filippində polisə və xalq drujinaçıları adlanan könüllü dəstələrə narkotik alverçilərini harada görsələr dərhal güllələmək səlahiyyəti verildi.

O vaxtdan bəri doğrudan da Filippin şəhərlərinin küçələrində qan su yerinə axır. Bəzi məlumatlara görə indiyə qədər 6 minə yaxın narkotik alverçisi güllələnib. 1 milyona yaxın narkotacir heç olmasa sağ qalmaq ümidi ilə könüllü hakimiyyətə təslim olub və həbsxanalar ağzınacan dolub-daşır. Onların məhkəməsinin nə zaman keçiriləcəyi haqda heç bir təsəvvür yoxdur.

Narkotiklərə qarşı mübarizə polisi hər gün narkopritonlara basqın edir və belə reydlər zamanı bir qayda olaraq narkotacirlər avtomat silahla dəlik-deşik edilir. Rəsmi olaraq bu güllələnmə belə protokollaşdırılır ki, şübhəli polisə silahlı müqavimət göstərməyə cəhd edib və öldürülüb. Sübut olaraq isə tamaşadan istifadə edilir-cəsədlərin yanına tapança , yaxud metamfetamin qutusu qoyulur. Bunun həqiqliyini yoxlamaq isə praktiki olaraq mümkün deyil.

Paytaxt Manila küçələrində işi-gücü narkodilər ovlayıb onları küçə itləri kimi gülləməkdən ibarət olan polis zabiti Dominiqo qərbli jurnalistlərə danışır ki, bütün polis bölmələrinə kvota qoyulub. Hansı bölmə üç ay ərzində onlara ayrılmış kvota həcmində narkodiler güllələməsə bölmənin rəisi işdən azad ediləcək.  Dominiqo deyir ki, işləri başından aşır,ancaq qazancları çox aşağıdır. Hərçənd ki, bu polis zabiti prezident Dutertenin sərt anti-narkotik kampaniyasını və “yüz min cəsəd” konsepsiyasını dəstəkləyir.

Narkotik alverçilərini təkcə polis öldürmür. Bu işlə killerlər briqadası da məşğul olur. Onlar xalq drujinaçıları adı altında fəaliyyət göstərir. Qətllər isə bir qayda olaraq eyni sxemlə baş verir-killerlər narkodilerə motosikletlə yaxınlaşır, onu güllələyir və Manila küçələrinin tıxaclarında gözdən itir. Onları “ölüm mələkləri” də adlandırırlar.

Lakin elə briqadalar da var ki, onlar qurbanlarını “ovlayır”, bundan sonra öldürür və cəsədini küçəyə atırlar. Hər dəfə cəsədin üzərində belə lövhə olur: “Mən narkotik alverçisiyəm. Məndən nümunə götürməyin. Bizə görə çox adamlar ölüb”.

Killerlər briqadasının narkodilerləri öldürməkdən yaxşı qazancları da olur. Belə ki, narkotik alverçilərinin əksəriyyəti polis himayəsində olduğundan indi polislər özləri keçmiş tərəfdarlarını aradan götürməyə çalışır ki, onları ələ verən olmasın.

Manila küçələrində əri ilə birlikdə narkodiler öldürməklə məşğul olan 20 yaşlı qadın xarici nəşrlərdən birinin əməkdaşına adının açıqlanmaması şərti ilə danışaraq deyib ki, onların daxil olduğu briqadanın sifarişləri başlarından aşır. Çünki polislər bir ucdan vaxtilə himayə etdikləri narkodilerləri güllələmək sifarişləri verirlər.

“Hər sifarişə görə 200-500 dollar alırıq. Öldürmək üçün bizə hansısa bəhanə lazım deyil. Əgər sifariş verilibsə yerinə yetiririk”-o deyir. Qadın bildirir ki, öldürdüklərinə görə peşiman deyil. Çünki onlar narkotik averçiləridir və cəmiyyəti zəhərləyirlər. “Onlar ölümə layiqdir”-killer qadın bildirir.

Manilanın yoxsullar yaşayan məhəllələrində hər gecə onlarla narkotik alverçisi güllələnir. Lakin narahatlıq getdikcə artır ki, öldürülənlərin heç də hamısı narkotik alverçiləri deyil, onların arasında günahsız adamlar da var. Dutertenin narkotacirlərin kökünü kəsmək kampaniyasından öz düşmənlərindən qisas almaq istəyənlər də istifadə edə bilər. Yaxud polislər onlara ayrılmış kvotanı doldurmaq üçün şübhələndikləri istənilən kəsi güllələyib adını narkodiler qoya bilər.

Lakin günahsız yerə öldürülənlər olsa belə onların yaxınlarının səsini eşidən yoxdur. Filippinin özündə Dutertenin kamaniyasına etiraz edənlərin sayı azdır, onlar hərdən piketlər keçirirlər. Əhalinin böyük əksəriyyəti narkomaniya bəlasından ölkənin xilası naminə Dutertenin qəddar kampaniyasını dəstəkləyir. Beynəlxalq təşkilatların çağırışlarına isə Filippin prezidenti bir qayda olaraq küçə söyüşləri ilə cavab verir, Filippinin suveren dövlət olduğunu və heç kimin onun daxili işlərinə qarışa bilməyəcəyini deyir. Duterte bildirir ki, Filippin “gicbəsər qurum” olan  BMT-dən də çıxa bilər. Ancaq Manila körfəzinin balıqlarını 100 min narkodiler cəsədi ilə yemləmək kampaniyasını dayandırmayacaq…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə