Sefilyan Sarkisyanla görüşəcək?
Sefilyan Sarkisyanla görüşəcək?
31 İyul 2016 / 11:11 / Baxış sayı: 782
Font1 Font2 Font3 Font4
Bizimxeber

Həbsdə olan erməni müxalifət lideri Jirayr Sefilyan iddia edir ki, Yerevandakı silahlılarla bağlı məsələnin nizamlanması üçün o polis alayını ələ keçirmiş silahlı qrupla və prezident Serj Sarkisyanla ayrı-ayrılıqda görüşlər keçirməlidir.

APA-nın verdiyi xəbərə görə, bu barədə Sefilyanın yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, polis binasını ələ keçirmiş silahlılar məhz Jirayr Sefilyanı azadlığa buraxılmasını tələb edirlər.

Sefilyan yaranmış vəziyyətin nizamlanmasında orta məxrəcə gəlmək üçün prezidentlə görüşməsinin vacib olduğunu qeyd edib: “Prezident Serj Sarkisyan mövqeyini dəyişməyib və yalnız bir fikirdə israrlıdır: mənimlə görüşmək üçün əvvəlcə silahlı qrup təslim olmalıdır. Mən əvvəlcə uşaqlarla (silahlı qrupun üzvləri-red.), daha sonra Sarkisyanla görüşməliyəm, onlar silahı bundan sonra yerə qoya bilərlər. Amma mən prezidentlə görüşməyincə polis binasını azad etməyəcəklər”.

Virtualaz.org xatırladır ki, Livanda doğulan 49 yaşlı Jirayr Sefilyan Qarabağ müharibəsi zamanı Şuşa əlahiddə batalyonun komandiri olub. Ona polkovnik-leytnant rütbəsi verilib, Qarabağ müharibəsi qəhrəmanı adı və “1-ci dərəcəli döyüş xaçı” ordeni ilə təltif olunub.

Livanda vətəndaş müharibəsi zamanı erməni icmasının özünümüdafiəsində iştirak edib, Daşnaksutyun Partiyası Livan bölməsinin fəallarından olub.

Sefilyan 1990-cı illərin əvvəlindən Ermənistanda yaşayır, lakin bu günədək ona Ermənistan vətəndaşlığı verilməyib.

Əvvəlcə hərbi təlimçi kimi Dağlıq Qarabağa yollanan könüllü döyüşçülərə hərbi təlim keçib. 1991-ci ildən özü döyüşlərdə iştirak etmək üçün Qarabağa gedib.

1092-ci ildə Sefilyan başçılıq etdiyi dəstəsi ilə Şuşa üzərində nəzarətin ələ keçirilməsi əməliyyatında iştirak edib və müharibənin sonunadək cəbhənin ən mühüm sahələrində olub.

Atəşkəs rejimi tətbiq edildikdən sonra Jirayr Sefilyan Livana gedib, yenidən qayıtdıqdan sonra isə “Qarabağ özünümüdafiə ordusunda” müxtəlif komandir vəzifələrini tutub.

2000-ci ildən Jirayr Serj Sarkisyan hakimiyyətinin istefası tələbi ilə müxtəlif adlı hərəkatların təsisçisidir, hazırda “Müəssislər məclisi” adlanan müxalif hərəkatın liderlərindən biridir.

“Rüşvətxor və qəsbkar” hesab etdiyi Ermənistan hakimiyyətinə qarşı “mübarizəyə qatılıb”.

“Azad edilmiş ərazilərin müdafiəsi” və “Erməni könüllülər birliyi” ictimai təşəbbüslərin koordinatoru olub.

2006-cı ildə (məsləkdaşı Vardan Malxasyanla) konstitusiya durumunun güclə devrilməsinə çağırışlar ittihamı ilə həbs olunub, qeyri-qanuni silah saxlamaq ittihamı ilə il yarım müddətinə məhkum olunub.

Həbs müddəti başa çatdıqdan sonra siyasi fəaliyyətinə davam edib.

2015-ci ildə “erməni soyqırımının” 100-illiyi qeyd olunan 24 aprel günü “Sarkisyan rejiminin istefası tələbi ilə itaətsizlik” aksiyası keçirməyə çağıran Sefilyan kütləvi iğtişaşlar hazırlamaq ittihamı ilə həbs olunub, lakin təxminən 1 aydan sonra sərbəst buraxılıb.

İyunun 21-də “Müəssislər məclisi” təşkilatının lideri Jirayr Sefilyan “bir qrup şəxslər tərəfindən qabaqcadan sövdələşərək qeyri-qanuni silah, sursat, partlayıcı maddə və qurğular əldə etmək, saxlamaq və daşımaq” ittihamı ilə həbs olunub.

Ermənistan İstintaq Komitəsinin məlumatına əsasən, Jirayr Sefilyan öz silahdaşları ilə “ictimai əhəmiyyətli binaların, telekommunikasiya qovşaqlarınıb, o cümlədən, Yerevan televiziya qülləsinin ələ keçirilməsini” planlaşdırırmış.

Hüquq müdafiəçiləri, müxalif siyasi və qeyri-hökumət təşkilatları Jirayr Sefilyanın əsassız həbs olunduğunu bəyan ediblər.

Bəziləri Sefilyanın həbsini Qarabağ problemi ilə əlaqələndirirdi. Apreldə Qarabağ münaqişə bölgəsinin təmas xəttində dörd gün davam edən döyüşlərdən sonra Sefilyan Ermənistanın siyasi və hərbi rəhbərliyini “700 hektar azad edilmiş ərazi itirməkdə” günahlandırmışdı. O, “əraziləri qaytarmaq üçün“ dəstə toplamağa başladığını elan etmişdi.

Sefilyan Azərbaycan rayonlarının qaytarılması əleyhinə olan sabiq döyüşçülərdəndir. Onun tərəfdarları hesab edirlər ki, Ermənistan rəhbərliyi Kremlin təzyiqi altında, erməni qüvvələrin nəzarət etdiyi Qarabağ ətrafındakı bir neçə rayonu Azərbaycana qaytarılmasını nəzərdə tutan, Rusiyanın Qarabağ tənzimləmə planını həyata keçirməyə hazırlaşır və bunu əngəlləyə biləcək Sefilyanı təcrid edir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə