Rusiya raketi Amerika tankına qarşı: birinci qalib gəlir
Rusiya raketi Amerika tankına qarşı: birinci qalib gəlir
10 Noyabr 2016 / 16:36 / Baxış sayı: 396
Font1 Font2 Font3 Font4
Bizimxeber

İraqda və Suriyada davam etməkdə olan müharibədə az qala dünyanın bütün silah istehsalçılarının məhsulları sınaqdan keçirilir.

Rusiya özünün ən yeni “Kalibr” qanadlı raketlərinin döyüş tətbiqini məhz Suriya hərbi əməliyyatlar teatrında sınaqdan keçirib. Habelə Rusiyanın ən yeni S-300 B4 və S-400 “Triumf” zenit-raket komplekslərini Suriyada yerləşdirib. Suriya ordusuna T-90 tankları və digər müasir hərbi texnika verib.

İŞİD terrorçuları və digər silahlı qruplaşmalar isə bir qayda olaraq müxtəlif ölkələrin istehsalı olan silahlarla döyüşürlər. Məsələn, İŞİD İraqın bir neçə iri şəhərini tutanda bu ölkə ordusunun Amerika tərəfindən təchiz edilmiş hərbi birləşmələri öz silahlarını və texnikasını atıb qaçmışdı. Nəticədə ABŞ istehsalı olan tanklar və zirehli maşınlar, atıcı silahlar və tank əleyhinə raketlər İŞİD-in əlinə keçib. Habelə İŞİD-in əlində Suriya və İraq ordusunun anbarlarından qənimət götürülmüş Rusiya istehsalı silahlar da var.

Bu baxımdan Suriya və İraqda gedən müharibə həm də müxtəlif ölkələrin silahlarının hansının daha üstün gəldiyini müəyyən etməyə imkan verir. Bundan əvvəl internetdə yaraqlıların ABŞ istehsalı olan TOW tank əleyhinə raketi ilə Suriya ordusunun T-90 tankına endirdiyi zərbənin görüntüləri yayılmışdı. Tank həmin raket zərbəsinə davam gətirə bilmişdi və onun dinamik mühafizə sistemi işə düşərək raketi zərərsizləşdirmişdi. Nəticədə tank yüngül zədələnsə də ekipaj sağ qalmışdı.

İndi İraqda İŞİD terrorçularının Rusiya istehsalı olan “Kornet” tank əleyhinə raketi ilə İraq ordusunun Amerika istehsalı olan tankı M-1 “Abrams”ı necə vurduğunu əks etdirən görüntülər yayılıb. “The Orient Times”in yaydığı görüntülərə əsasən İraq ordusunun “Abrams” tankı atəş mövqeyində dayanıb, bu zaman terrorçular tanka raket buraxır və “Kornet” nəhəng tankın arxa tərəfindən dəyərək onun yanacaq çənini partladır. Tank alov tutub yanır, beş ekipaj üzvünün həlak olduğu bildirilir. M-1 “Abrams” dünyanın ən yaxşı tanklarından biridir, onun tank əleyhinə idarə olunan raketlərə və top mərmilərinə qarşı güclü müdafiə sistemi var.

Rusiya mənbələri isə bildirir ki, bu epizodda M-1 “Abrams” tankına “Kornet” raketi ilə deyil, elə Amerika istehsalı olan TOW tank əleyhinə raketi ilə zərbə endirilib.

Virtualaz.org



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə