Rövşən Lənkəranskinin bazarından REPORTAJ
Rövşən Lənkəranskinin bazarından REPORTAJ
03 Oktyabr 2016 / 18:42 / Baxış sayı: 1168
Font1 Font2 Font3 Font4
Bizimxeber
2015-ci ilin dekabrı. Antalyada, Telman İsmayılova məxsus “Mardan” oteldə təmtəraqlı toy məclisi keçirilir. Toyun iştirakçıları arasında Moskvada yaşayan bir sıra iş adamları, bazar və iri restoran sahibləri, habelə Azərbaycandan getmiş bəzi müğənnilər iştirak edirlər.

Toya müğənni kimi dəvət edilənlərdən biri də türkiyəli Əbru Gündəş olur. Məhz Əbru Gündəşin ifası zamanı musiqiçilərə qəfil “dayanın!” əmri verilir. Bu vaxt bütün zal ayağa qalxır. Və ətrafı alqış sədaları götürür. Mühafizəçilərin əhatəsində içəri girən şəxs onun üçün ayrılmış yerdə əyləşir. Toy sahibinin işarəsindən sonra Əbru Gündəş oxumağa davam edir.

Toya gələn o şəxs Lənkəranski idi – Rövşən Lənkəranski.

Toy sahibi də özgə deyildi. Moskvada şəmkirli Nuruş kimi tanınan bazar sahibi di. Əslində, bazar sahibi də demək olmazdı. Məhz Lənkəranskinin bazarını, Domodedovadakı bazasını idarə edirdi. Həmyerlisi şəmkirli Məhərrəmlə birlikdə…

***

…2013-cü ildə məşhur Orxan Zeynalov olayından sonra Moskvanın ən böyük meyvə-tərəvəz bazası olan “Pokrovski” bağlandı. Bununla belə, bazar idarəçiliyini gözəl bilən Məhərrəm və Nuruş boş qalmadılar. Onlara ciddi şəkildə tapşırıldı ki, bazardakı ticarətçiləri dağılmağa qoymasınlar, qısa zamanda başqa böyük meyvə-tərəvəz bazası açılacaq.

Elə də oldu.

Qısa zamanda Moskvadan azca aralıda, kiçik Domededovo şəhərinin “Severnıy” adlanan mikrorayonunda “Çetıre sezona” (“Dörd fəsil”) adlı böyük baza istifadəyə verilir. Bazanın tikintisi çox sürətlə aparılır. Yerli sakinlər bir də onda ayılır ki, artıq bu kiçik şəhərdə içi meyvə tərəvəzlə dolu ağır tonnajlı maşınların, yük “qazelləri”nin əlindən tərpənmək mümkün deyil. Bazar işini yaxşı bilən Məhərrəm və Nuruş tezliklə oranı ticarətçilərlə doldura bilir. Əsasən Azərbaycandan olan kiçik sahibkarlar qısa zamanda burada əməlli ticarət zonası yaratmağı bacarır. “4 fəsil”ə rəqib olan ”41-ci kilometr” və əslən Ucardan olan Samir adlı şəxsə məxsus “Xlebnikovo” bazası Domodedovdakı bazara açıq şəkildə uduzurdu.

***

Adıgedən bazarın bir üstünlüyü də vardı: “4 fəsil”in qeyri-rəsmi sahibi Rövşən Lənkəranski idi. Məhərrəm və Nuruş əvvəlki kimi qazanmırdı. Çünki Rövşənin adamları bazara nələrin və hansı miqdarda girib-çıxdığını zərgər dəqiqliyi ilə bilirdi. Onlar isə Rövşəni aldatmaq cəsarətində deyildilər. Heç bunu ağıllarından belə keçirməzdilər.

– Rövşən bura baxandan günümüz gün oldu. “Pokrov”da Məhərrəmgil hər “Kamaz”dan 100 min (rubl) almamış maşını içəri buraxmazdı. Rövşən qayda qoymuşdu ki, iri maşından 50 min, “Qazel”lərdən 10 min rubl alın. Ona görə də camaat bura axışdı.

Bunu Şakir deyir. Domodedovada topdan meyvə satır. Amma onu da deyir ki, hazırda baza boşalmaqdadır.

 

– Təsəvvür edin, nar, xurma sezonu gəlir. Amma hamını “Food City”yə aparırlar. Rövşən yoxdu deyə, əl qol açıblar. Elə Məhərrəmlə Nuruş da ora keçib. Rövşən öldürüləndən sonra buralar yiyəsiz qalıb.

 

“Food City”i isə əslən Qubadan olan Qod Nisanovla Zarah İliyevindir. İlham Rəhimovun da bu bazarla şərikliyi var.

– “Food City” bir qədər əvvəl açılıb. Ora gedən yox idi. Məhərrəm camaatı qorxudurdu ki, getməsəniz, “polka”larınıza narkotik atdıracaqlar. Bəziləri qorxdu getdi. Bəziləri qaldı. Amma biz buradayıq. Şükür, əvvəlki kimi olmasa da, hələ alver var.

***

“Domededovo” bazarı əvvəldən bir az gərgin olub” – deyir adını çəkilməsini istəməyən həmyerlimiz.

– Bu bazarda mübahisələr 2014-cü ilin yanvarında pik nöqtəsinə çatıb. O dövrdə Rusiya mətbuatında “Domodedovo” bazarındakı mübahisələr Moskvada azərbaycanlılar arasında “bazar müharibəsi” kimi təqdim edilib. Bazarın baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasova aidiyyətinin olduğu və özünə yaxın şəxsin idarə etdiyi haqda xəbərlər gəlirdi. Amma hətta olsaydı belə, hamı bilirdi ki, bazar Lənkəranskinindir.

Moskvaya Azərbaycandan gətirilən meyvə-tərəvəz dolu maşınlar məhz Lənkəranskiyə görə, ”Domodedova””ya aparılırmış. Elə Sənan da onu deyir.

– İndi Rövşən yoxdur, nizam-tərəzi itib. Hamını incidirlər. Maşınların bazaya girməsinə elə qiymət qoyublar ki…
Topdan banan satan İxtiyar isə alverdən narazıdır. Deyir, əvvəllər günə azı 50 yeşik mal gedərdi.

 

– İndi oturub bir-birimizin üzünə baxırıq. Ekvador malıdır alığımız. Çox da saxlamaq olmur. Gərək dərmanlayasan. Amma bu da kömək eləmi axı? Xarab olur gedir.

Aydın isə deyir ki, Rövşən öldürüləndən sonra bazara onun adamlarından hələ gələn olmayıb. Bir sözlə, anlaşılmazlıqdı, camaat bilmir, başını hara götürüb getsin.

– Rəhmətliyin qırxı çıxıb. Yəqin, bir adamı olar üzə çıxsın. Yoxsa belə qalmaz axı.

Bəs nə olacaq?

Cavab: “Müharibə başlayacaq. Dəyən də bizə dəyəcək, kasıb, kusuba”…

**

Əslində, hələ 1990-cı illərdən nəinki paytaxt Moskvada, Federasiyanın ən kiçik şəhərindəki ən kiçik bazar belə, azərbaycanlıların təkcə dolanışıq yeri deyildi. Bazarlar həm də azərbaycanlıların monopoliyasında olmaqla, xalqın obrazını yaratmışdı. Düzdür, “vəhşi” 90-lar indi geridə qalıb. Avropanın ən böyük bazarı olan “Çerkizovo” da bağlanıb. Müasir hipermarketlər yaranıb. Moskva və Sankt-Peterburqdakı ruslar səsli-küylü, zibil içində olan klassik bazarları elə həmin iri mağazalara dəyişir. Amma yuxarıda qeyd etdiyimiz kimi, klassik bazarlar hələ də mövcuddur. Və bu bazarlara nəzarət həm də külli miqdarda qazancdır. Elə buna görə də bu və ya digər şəhərdə bu və ya digər bazara nəzarət uğrunda hələ də savaşlar gedir. Savaş bitib hələlik. Amma hələlik. Bazar və bazar uğrunda mübarizə isə davam edir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə