Məlum olduğu kimi, futbolçunun doğulub, boya-başa çatdığı Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində Ronaldinyo Soccer Academy fəaliyyət göstərir. Bu məktəblərdən daha biri məhz “Qələbə” İdman Klubunun dəstəyilə Bakıda açılacaq.
Bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən Ronaldinyo, bunları deyib: “Azərbaycanla bağlı məlumatlıyam. Düzdür, yetərincə gəzib, məlumat ala bilməmişəm. Buna vaxt tapmaq çətin oldu. Amma bilirdim ki, burda çoxlu braziliyalı futbolçular oynayıb. Bakıda olmağıma çox şadam”.
Daha sonra əfsanəvi futbolçu jurnalistlərin suallarını cavablandırıb. Ronaldinyonun gəlişi futbolsevərlərlə yanaşı, idman aləmindən uzaq olan jurnalistlərin də mətbuat konfransına gəlməsinə səbəb olub. Bu, verilən bəzi suallarda da özünü əks etdirib. Bu da tənqidlərə səbəb olub.
– “Qəbələ”nin Futbol Akademiyasının açılışı ilə bağlı təklifi nə vaxt oldu?
– Təxminən bir ay yarım əvvəldən “Qəbələ” futbol klubu ilə bu barədə danışıqlara başladıq və razılaşdıq. İndi isə buradayam.
– Sizin bir neçə ölkədə akademiyanız var. Bakıda istedadlı uşaqları görüb, burdakı akademiyaya necə kömək edə bilərsiniz?
– Əsas məqsədim odur ki, akademiyaya gələn uşaqlar mənim adımı eşidib, öz futbollarına daha ciddi yanaşsınlar. Onlar gələcəkdə peşəkar oyunçu olsalar, buna çox sevinərəm. Bu, həm də mənim uğurum sayılar. Onların böyük klublara getmək imkanları olsa, bunda mütləq köməklik göstərəcəyəm.
– Siz anadan belə futbolçu doğulmuşdunuz, yoxsa tədricən bu səviyyədə oldunuz?
– Yəqin mən doğulanda Tanrı mənə istedad verib. Mən isə buna etdiyim məşqlər və istəyimlə təkan verdim. Bəlkə də, hamıdan çox məşq edirdim. Qazandığım bütün titullar bunun bəhrəsidir.
– Mətbuat konfransında çox adamın olması sizə İspaniyanı xatırlatmır?
– Buna dəqiq cavab verə bilmərəm. Amma sizin hamınıza minnətdaram. Mənə hörmətinizi göstərirsiniz. Hamınıza “çox sağ ol” deyirəm.
– Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüb. Bu barədə fikirləriniz maraqlıdır…
– Azərbaycan yığmasının seçmə mərhələyə yaxşı başladığını eşitmişəm. 7 xal toplamısınız. Gəlmişəm ki, ölkəni daha yaxşı tanıyım və onun futbolu ilə daha yaxından maraqlanım.
– Gələcəkdə Azərbaycanla Braziliya millisinin yoldaşlıq görüşünün təşkili üçün köməklik göstərə bilərsinizmi?
– Əgər belə oyun nəzərdə tutulsa, kömək edə bilərəm. Əsas odur ki, belə bir məsələ gündəmə gəlsin.
– Son vaxtlar Hindistanda çıxış etdiniz. Azərbaycan klublarından təklif gəlsə, cavabınız nə olar?
– Bəli, Hindistan futzalında bəzi oyunlar keçirdim. Düzü, karyeramı bitirib-biitirməməklə bağlı hələ qərar verməmişəm. Dekabr ayına qədər qərar verəcəyəm. Ola bilər ki, vida oyunu keçirim.
– Sizə görə, dünyanın ən güclü futbolçusu kimdir?
– Lionel Messi…
– İlk dəfədir ki, Bakıdasınız. Bura sizdə necə təəssürat yaratdı? Nəyə heyran qaldınız?
– Düzünü deyim, dünən axşam gəlmişəm. Aeroportdan çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox sevdim. Şəhəri gəzməyə hələ vaxtım olmayıb. Burdan çıxandan sonra daha yaxından tanıyacağam.
– Sizin getdiyiniz yolun heç olmasa yarısını gedə bilmələri üçün azərbaycanlı futbolçulara nə məsləhət görərdiniz?
– Uşaqlar nə qədər tez futbol oynamağa başlasalar, bir o qədər yaxşı olar. Məşqlərinə ciddi yanaşmalıdırlar. Məşqə hamıdan əvvəl gəlib, hamıdan sonra getmək lazımdır. Yüksək səviyyəyə çatmaq istəyirlərsə, ciddi hazırlaşmalıdırlar. Daha çox məşq etmək və bir bu qədər də səy göstərmək lazımdır.
– Sizi dünyanın ən istedadlı oyunçusu sayırlar. Bəs Pele, Maradona səviyyəsinə çatmağınıza nə mane oldu?
– Əslində, mən elə onların səviyyəsindəyəm (gülür).
– Bütün klubların azarkeşləri sizi sevir. Bunu necə bacarmısınız?
– Düzü, dəqiq deyə bilmərəm, niyə hamı məni sevir. Gözəl futbol oynamışam, öz stilim olub. Bəlkə də buna görə…
– “Qəbələ”dən təklif alsanız, burda oynayarsınızmı?
– Oynaya bilərəm. Niyə də yox? Hər şey ola bilər.
– İndiyə kimi futbolla bağlı heç vaxt etiraf etmədiyiniz nəyi Azərbaycan mətbuatının önündə açıqlayardınız?
– Mənim həyatım həm futbol meydançasında, həm də ondan kənarda həmişə açıq olub. Gizlətdiyim bir şey yoxdur. Hamı necə həyat yaşadığımı bilir. Gizlətməli bir şeyim yoxdur.
– Braziliyada keçirilən DÇ zamanı mitinqlər, etirazlar oldu. Etirazlar bu çempionata xərclənən pullara görə idi. Futbolçuların çoxu isə deyir ki, “Futbol olmasaydı, biz avara, bədbəxt olardıq”. Bu bədbəxtliyi braziliyalıların xoşbəxtliyi saymaq olarmı?
– Fikrimcə, braziliyalıların həyatda ən çox istədiyi şey futboldur. Bəziləri dünya çempionatının Braziliyada keçirilməsini istəmirdi. Amma orada insanların çoxu son mundialın orada keçirilməsini arzu edirdi.
– Braziliya millisinin DÇ-2016-dakı uğursuzluğunun səbəbi nə idi? Komanda özünü toparlaya biləcəkmi?
– Bizim güclü komandamız və ulduzlarımız var idi. Təəssüf ki, Fransaya uduzduq. Səbəbini deyə bilmərəm. Bu, futboldur. Futbolda hər şey ola bilər.
– Karyeranızda ən çox nəyə peşman olmusunuz?
– Heç bir peşmanlığım yoxdur. Hesab edirəm ki, həyatımdakı atdığım bütün addımlarım düzgün olub.
– Özünüzü, yoxsa futbolu çox sevirsiniz?
– Özümü futbolsuz təsəvvür edə bilmirəm. Futbolu da Ronaldinyosuz…/musavat.com/