Referendumdan sonra… Yaxud ahıl icra başçılarına xoş istirahətlər
  • 24 Sentyabr 2016 / 17:14 / Baxış sayı: 640

Azərbaycanda Konstitusiya islahatının baş tutmasına cəmi 2 gün qaldı. Keçiriləcək Referendum ölkəmizdə ciddi iqtisadi və siyasi dəyişiklikləri nəzərəçarpacaq dərəcədə hiss olunmasında vacib addımlardan biri hesab olunur.

Bəs, daha sonra nələr dəyişəcək, yaxud hansı sahələrdə islahatlar aparılmalıdır ki, Konstitusiya islahatı daha uğurlu və effektiv nəticə versin? 

 

Bu sual öz-özlüyündə böyük bir müzakirə, hətta Referendum boyda bir məsuliyyətdir. Konstitusiya islahatında dəyişikliklər üçün səs verən vətəndaşlar yaxın aylarda ciddi bir nəticənin şahidi olmaq istəyəcək. Vətəndaş haqlı olaraq tələb edəcək ki, dəyişikliklərin nəticəsi nə oldu?

 

“Konstitusiya islahatının əsas ideyası dövlət və iqtisadi idarəetmənin daha səmərəli mexanizmlərinin yaradılması üçün zəruri şəraitin təmin edilməsidir” deyən prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov artıq mesajını verdi.

 

Bəli, bu referendum siyasi dəyişiklikdən daha çox iqtisadi idarəetməni diqqətdə saxlamalıdır. Azərbaycanın prezidenti bəlli, siyasəti və dünyadakı mövqeyi bəlli. Azərbaycan balanslaşdırılmış siyasət həyata keçirir və bu hazırkı dönəm üçün ölkəmizə ugur gətirir.

 

Elə isə, iqtisadi idarəetməni neçə tənzimləyəcəyik? Referendumun nəticələrindən irəli gələn tələblərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? Kiminlə atacayıq bu addımları?

 

Bəllidir ki, bu gün dolların Azərbaycan və ya diğər ölkələrin vahid pul məzənnələrinə nisbətdə güclənməsi iqtisadi bohranlar, böyük maliyyə itkiləri və əsasən sosial problemlərin dərinləşməsinə böyük təkan verir. Azərbaycanın iqtidaryönümlü iqtisadi ekspertləri ciddi problemlərin olmadığını, müstəqil ekspertlər bəlli problemlərin varlığını sadalasalar da əsl real vəziyyət ortadadır.

Bəli, Azərbaycanda kimsə acından ölmür, ən azından çörək almağa pulu var. Amma bu o demək deyil ki, hər şey normaldır. Vətəndaş işləmək, övladının qarşısında üzüqara olmaq istəmir, bir sözlə yaxşı yaşamaq istəyir.

 

Həmçinin bütün dünyada baş verən iqtisadi böhranın Azərbaycandan yan keçməsini demək də doğru deyil. Reallıqların zamanında deyilməsi daha ciddi problemlərin ortaya çıxmasının qarşısını almaq deməkdir. Ölkəsini sevən, gələcəyini yaxşı görmək istəyən rəsmi və ya qeyri rəsmi şəxs yalandan yox, real vəziyyəti anlatmalı, vəziyyətdən çıxmaq üçün kömək etməldir.

 

Amma indiki halda bu Azərbaycan üçün çox çətindir. Çünki, yerlərdəki icra aparatları demək olar ki, ya işləmir ya da işləmək istəmir. Əgər bu gün icra başçısı ancaq prezidentin nə zamansa rayona gəlib bəlli problemləri gördükdən sonra vəsait ayracağını və problemin həll olunacağını gözləyirsə deməli yerində deyil.

Təsəvvur edin, son bir neçə aydır ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi üçün ciddi addımlar atılır. Nə var ki, ölkə başçısı İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsi üçün göstəriş verib. Hamı İlham Əliyevi gözləyir və heç bir addım atmaq istəmir.

 

Əcəba bu göstəriş olmasaydı pambıçılığı inkişaf etdirmək olmazdımı? Hektarla torpaqlar illərdir boş qalırdı. Hansı məmur və ya biznesmen bunu istədi və dövlət icazə vermədi? Bir ölkədə nə qədər hündürmərtəbəli bina tikən biznesmen və ya məmur olar?

Bəs pambığı, üzümü, arpanı, buğdanı kim əkəcək? Kəndçi hansı pulnan əksin? Subsidayalar ancaq rayonlardakı tanınmış 5-10 adama verilir ki, onlar da pulu xərcləməyin yolunu əla bilirlər. Bir sözlə, özlərinə xərcləyirlər.

 

Ölkədə nə qədər avtomobil satan şirkət, klinikası olan adam olar. Hara baxırsan ya MTK, ya klinika ya da market. Daha rahat və çoxlu pul qazanmaq imkanı. Milyonları da qazanırlar, vergidən də yayınırlar. Əvəzində övladları Azərbaycanda qazanılan pulları xarici ölkələrdə agına-bozuna baxmadan kafe barlarlda səpirlər. Biznesmen və məmur övladlarının 1 ayda xarici ölkələrdə xərclədiyi pula Azərbaycanda 1 zavod, fabrik açmaq olar. Amma di gəl ki, bunu etmirlər.

Bir sözlə, Referendumdan sonra Azərbaycanda ciddi islahatların aparılamasına ehtiyac yaranacaq.

 

Adi bir fakt. 

 

Bölğələrdə hərəkət etmək mümkün olmayan kənd yolları günü-gündən pisləşir. Əcəba, bu yolların adi qaydada düzlənməsi üçün prezident sərəncammı verməlidir? Bu yola bir traktor salıb onu düzləmək olmazmı? Ora bir maşın çınqıl tökmək nə qədər ağır və bahalı işdir? Bələdiyyə sədrləri hər kənddə satdığı 2 sot torpağın pulunu yolların qismən bərpasına xərcləsə bu kifayət edər.

İcra başçıları var ki, ozu yaşadığı küçəni az qala şampunla yuduzdursun. Diğər küçədə yaşayan isə palçıqlı yollarla ömür sürməyə məcburdur.

 

Deməli, əksər rayonlardakı icra başçıları, aidiyyatı qurumlar ya işləmir ya da kabinetdən kənara çıxmağa çətinlik çəkir. Dəfələrlə olub ki, hansısa rayondan problemli yazı ilə bağlı zəng edilib. Zəng edən adam problemdən danışmaq əvəzinə  icra başçısı ilə bağlı dediyi ilk söz bu olub – “Agsaqqal adamdı onun adını yazıda niyə hallandırmısız. Pis adam deyil axı o”. Qəribədir, icra başçısı olmağın agsaqqal və ya qarasaqqala nə aidiyyatı? Ağsaqqaldı lap yaxşı, getsin nəvələri ilə oynasın. Əgər bir rayon kiməsə etibar edilibsə deməli, o şəxs etimada sadiq qalıb gecə gündüz işləməlidir. Yox işləyə bilmirsə, o zaman ərizəsini yazıb təqaüdə çıxmalıdır. Yerinə isə daha gənc, bacarıqlı kadr təyin olunmalıdır. İndi icra başçıları var ki, adının mətbuatda çəkilməsini belə istəmir. Bütün variantlara əl atır ki, icra başçısı postundan bir başa təqaüdə çıxsın. Rayon nəzarətsiz qalsa da, problemlər dizə çıxsa da, onu ancaq bir şey düşündürür. Bu isə Azərbaycana yaxşı gələcək vəd etmir və bunu gizlətmək də mümkün deyil.

 

Son günlər icra hakimiyyətləri ilə bağlı mətbuatda maraqlı məlumatlar yer alır. Əsasən yaş senzi ilə bağlı məsələ olduqca ciddi məqamdır.  Bəli, işləməsi üçün yaşı, səhhəti imkan verməyən icra başçıları, məmurların (bəzi istisnalar olmaqla) vəzifədən uzaqlaşdırılmalısı və gənclərin təyinatı daha uğurlu addılm ola bilər. Yəqin ki, yaxın gələcəkdə bunun şahidi olacağıq. İqtisadi idarəetmənin daha səmərəli mexanizmlərinin yaradılması üçün bu daha vacib hal sayılmalıdır.

 

P.S.

 

Yaşı 60-ı, hətta 70-i ötən icra başçılarını bir daha tanıyaq.

Mirdamət Sadıqov (İsmayıllı) -69 yaş, Rafil Hüseynov – 60 yaş (Masallı), Ənvər Seyidəliyev – 62 yaş (Ağsu), Adil Məmmədov – 60 yaş (Qobustan), Əhməd Muxtarov (Hacıqabul) – 61 yaş, Şəmsəddin Xanbabayev 73 yaş (Xaçmaz), Nazim İsmayılov 60 yaş – (Sabirabad), Mübariz Əhmədov (Zaqatala) -69 yaş, İbrahim Mehdiyev (Yasamal)- 70 yaş, Alı Qocayev (Samux) -69 yaş, Gülağa İslamov  (Xəzər) – 67 yaş, Zakir Fərəcov (Sumqayıt)- 62 yaş, Vidadi İsayev (Bərdə) 58-yaş və sairə.

 

Sonda ahıl icra başçılarına çox istirahətlər arzulayıram. Onlara nəvələrlə oynamaq şansı qazandıran şəxsə təşəkkür etmək düşür…

 

Ədil Hüseynli
Bizimxeber.az portalının baş redaktoru

Şərh əlavə edin

Yuxarı Geri Ana Səhifə