“Rabitə işi”: Vidadi Zeynalov özünü təqsirli hesab etmədiyini bildirdi
“Rabitə işi”: Vidadi Zeynalov özünü təqsirli hesab etmədiyini bildirdi
25 Noyabr 2016 / 16:53 / Baxış sayı: 878
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fasilədən sonra dövlət ittihamçısı tərəfindən ittiham aktının elan olunması davam etdirilib. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini deyib. 

“Rabitə Mülki Tikinti” MMC – nin direktoru, təqsirləndirilən Emin Məmmədovun vəkili Vüqar Xasıyev məhkəmədən ittihamın nəticəvi hissəsinin elan olunmasını xahiş edib: “Eyni rəqəmlər təkrar olunur. Rəqəmləri təkrarlamağın nə xeyri var?”…

Hakim vəkilə “xeyri çoxdur” cavabını verib. “Azintelekom” MMC-nin baş direktoru Cəlil Cəfərovun vəkili Sünbülə Əliyeva isə istintaq materiallarının mətbuatda yayılmasına etiraz edib: “Hökm qanuni qüvvəyə minməyib. Amma mətbuatda geninə-boluna məqalələr yazılır. Bu isə təqsirsizlik prezumpsiyasının pozulması deməkdir”.

“Aztelekom” İstehsalat Birliyinin baş direktoru M.Məmmədovun vəkili Şahin Əliyev yerindən replika verib: ” İttiham aktını hardansa alıb yazıblar”. Hakim zalda əyləşən mətbuat nümayəndələrinə diqqətli olmağı məsləhət gördü. BTRİB -nin baş mühasibi, təqsirləndirilən Anar Mustafayev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

“Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev də ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. B.Vəliyev ona qarşı qaldırılan 255 min manatlıq mülki iddianı qəbul etdiyini və məbləğin qismən ödənildiyini deyib. “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov da ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov ittihamın mahiyyətinin aydın olduğunu, lakin özünü təqsirli bilmədiyini deyib.

“Aztelekom” İstehsalat Birliyinin baş mühasibi, təqsirləndirilən Oqtay Rüstəmov da ona elan olunmuş ittihamlarla özünü təqsirli bilmədiyini deyib. “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov da həmçinin ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Məhkəmə prosesi noyabrın 28-nə kimi təxirə salınıb.

***
13:06

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirirlib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə hakim öncə təqsirləndirilən şəxslərin müdafiəçilərinin təyin olunan vaxtda məhkəməyə gəlmədiklərinə, gecikdiklərinə görə iradını bildirib: “Prosesi saat 10:00-a təyin etmişik. Amma müdafiəçilər geçikirlər. Gəlin bir-birimizə hörmət edək. Məhkəməyə vaxtında gəlin”.

Bundan sonra hakim təqsirləndirilən Məmməd Məmmədovun və Namazəli Məmmədovun yeni müdfiəçilərlə müqavilə bağladıqlarını məhkəmənin diqqətinə çatdırıb. Həmçinin, hakim qeyd edib ki, Vergilər Nazirliyi “Rabitə Mülki Tikinti” MMC-yə qarşı 255 min manatlıq mülki iddia qaldırılıb. Vergilər Nazirliyinin nümayəndəsi İsmayıl Abbasov da məhkəmədə iştirak edib.

Hakim təqsirləndirilən şəxslərə hüquqlarını izah edib. Müdafiəçilərdən vəsatətlərinin olub-olmadığını soruşub. Təqsirləndirilən Səhrab Hümbətovun vəkili Vidadi Məmmədov müvəkkilinin səhhətində ciddi problemlər olduğunu, onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.

Vidadi Zeynalov ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini deyib.

Prosesdə fasilə elan olunub. Məhkəmə prosesi günün ikinci yarısı davam edəcək.

Qeyd edək ki, cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Sabiq Aparat rəhbəri Vidadi Zeynalov və qeyriləri BTRİB üzrə 43.367.598,22 manat, “Aztelekom” MMC üzrə – 51.233.428 manat, “Optik Rabitə Tikinti və Quraşdırma” MMC, “Optik Tikinti Montaj” MMC və “Rabitə-Tikinti” ATSC üzrə – 12.224.746 manat, “Azərpoçt” MMC üzrə 23.846.373,79 manat və “Azintelekom” üzrə 22.471.562 manat olmaqla, ümumilikdə 153.143.708 (yüz əlli üç milyon yüz üç qırx üç min yeddi yüz səkkiz) manat məbləğində dövlət əmlakını mənimsəmə və israf etmə yolu ilə talamaqda ittiham olunurlar.

Qeyd edilən pul vəsaiti müvafiq olaraq həmin təşkilatların vəzifəli şəxsləri, Vidadi Zeynalov və qeyriləri tərəfindən öz aralarında müəyyən edilmiş razılıq əsasında bölüşdürülüb.

Məhkəməyə göndərilən 517 cildlik cinayət işində 205 şahid qeydə alınıb. Cinayət işi üzrə 11 təqsirləndirilən şəxs, 1 zərərçəkmiş şəxsin nümayəndəsi, 1 nəfər isə mülki iddiaçının nümayəndəsi var.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə