Əsas menu

Qulu Məhərrəmli: “Qəzetlərin çoxu nüfuzdan düşüb” 

Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Müzakirələrin sonunda 2019-cu ilin II rübündə 25 gündəlik, günaşırı və həftəlik ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Əməkdar jurnalist Qulu Məhərrəmli “Yeni Sabah”a açıqlamasında KİVDF-nin qəzetlərə maliyyə ayırmasını tənqid edib. Onun sözlərinə görə, hazırda hamının oxuduğu, cəmiyyəti ifadə edən qəzetlər yoxdur: “Bizim kriteriyalarla  pul ayıran adamların kriteriyaları üst-üstə düşmür.

Bizə lazımdır ki, Azərbaycanda populyar, ümumilli, hamının oxuduğu, cəmiyyəti ifadə edən qəzet  olsun. Təəssüf ki, elə qəzetlər də demək olar ki, yoxdur. Vaxtilə belə qəzetlərimizin sayı çox idi. İndi müxtəlif səbəblərdən belə qəzetlər yoxdur, bəziləri yönünü dəyişib, bəziləri daxili senzura ilə qalıb.

Qəzetlərin çoxu nüfuzdan düşüb. Bunun üçün qəzetə maliyyə ilə yanaşı  azadlıq, sərbəstlik lazımdır. Bunlar da yoxdur. Birinci 7-likdə demək olar ki, “Yeni Müsavat”dan başqa  oxunaqlı qəzet yoxdur. Hesab edirəm ki, bizim qəzetlərimizin, ümumiyyətlə  mətbuatımızın səviyyəsi orada ciddi şəkildə görünür. Siyahıya baxanda məyus oluram. Azərbaycan mətbuatının  vəziyyəti çox tragik görünür. Buna ancaq təəssüf edirik”.

Q.Məhərrəmli  maliyyə ayrılmasına nəzarət mexanizmindən də danışıb:

“Maliyyə ayrılmasına kim nəzarət edə bilər ki?Özləri qərar qəbul edirlər. Faktiki olaraq Müşahidə Şurasi var.  Amma orada qərarı doğrudanmı şuranın üzvləri verir, yoxsa Vüqar Səfərli qəbul edir, və ya V.Səfərliyə kimsə deyir ki, belə bölün. Ona görə bunları demək çətindir, çünki daxili mexanizmi bilmirik və bur cür situasiya yaranır. Bütün hallarda hesab edirəm ki, “Səs”, “Mövqe” qəzeti kimi nəşrlər həqiqətən oxunmur. Ola bilər ki, orada istedadlı jurnalistlər var. Amma kimsə o qəzeti köşkdən alıb oxuyurmu? Hardasa zorla, vəzifədən, mövqedən istifadə edib abunə yazdıra bilərlər. Faktiki olaraq Azərbaycanın media mühitində bu qəzetlətin  adı və yeri yoxdur. Bu cür qəzetlərin önə çıxması Azərbaycan mətbuatı üçün biabırçılıqdır”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*