QHT Şurasında dövlətə xidmət, yoxsa… – Azay Quliyev kimin pullarını xərcləyir?
QHT Şurasında dövlətə xidmət, yoxsa… – Azay Quliyev kimin pullarını xərcləyir?
29 Noyabr 2016 / 13:50 / Baxış sayı: 1536
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən ay 2016-cı il – üçüncü maliyyə müsabiqəsinə yekun vurdu. Bu tədbirlər barədə sadəcə, mətbuatda məlumat yayıldı və sözügedən qurum bununla da işini bitmiş saydı.

Rəsmi xəbərdən aydın olur ki, müsabiqəyə QHT-lər tərəfindən 233 layihə təklifi daxil olub ki, onlardan da 24-ü sənəd çatışmazlığı səbəbindən ilkin seleksiyadan keçməyib. 209 layihə isə ekspertizaya təqdim olunub. Bunlardan 84 layihə keçid balını toplaya bilib. Ona görə də Şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 84 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər.

Dövlətə xidmət, yoxsa dostluq, tanışlıq, qohumluq… Xatırladaq ki, bu Azay Quliyevin rəhbərlik etdiyi qrant monopoliyasının 3-cü müsahiqəsidir. Amma 2016-ci ilin 1-ci və ikinci maliyyə yardımı müsabiqələri də ciddi narazılıqla qarşılanmışdı. Hətta məmur qohumlarına, deputat övladlarına, yaxınlarına, Quliyevin özünə yaxın şəxslərə qrant ayırması uzun müddət müzakirəyə səbəb oldu. Buna misal olaraq ötəndəfəki siyahıda bir neçə deputatın (Əli Hüseynli – 14 000,0 AZN, Fuad Muradov – 14 000,0 AZN, Elşən Musayev – 3 000,0 AZN), çoxsaylı jurnalistlərin, Vətəndaş Cəmiyyəti adına iddialı şəxslərin, məmur qohumlarının (məsələn, Cavid Qurbanovun atası Qənbər Qurbanov – 10 000,0 AZN) adlarını göstərə bilərik. Bəli, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi qrant müsabiqələrinin layihələrini araşdırdıqda böyük büdcə pullarının fırlandığı QHT sektorunda Azay Quliyevin qrup, tayfa və digər prinsiplərlə söykənən siyasəti səbəbindən, bu sahədən Azərbaycan dövlətinin gözlənilən effekti ala bilmədiyini əminliklə demək olar.

Bəli, QHT Şurası Azərbaycan dövlətinin gözləntilərini nəniki doğruldub, hətta bu sahədə eybəcər mühit yaradaraq, daha gərgin bir vəziyyətin yaranmasına zəmin yaradıb. Bütün bunları görmək üçün, gəlin, QHT Şurasının son açıqladığı müsabiqənin nəticələrini təhlil edək, eyni zamanda, hansı layihələr əsasında necə qrant verilməsinə diqqət edək. Diqqət etsəniz, görəcəksiniz ki, QHT Şurası daha çox qarant layihələri ilə bağlı ictimaiyyətə heç bir təsviri hesabat təqdim etmədi. Maliyyə hesabatlarına gəlincə, sadəcə, formal olaraq, “çek” verilmiş kimi xəbərlər tirajlanır. Amma bu qrantlar hara və necə sərf olunursa, heç bir məlumat yoxdur. Tutaq ki, yuxarıda adını çəkdiyimiz şəxslər 1-ci maliyyə müsabiqəsi zamanı qrant aldılar, bəs o qrantı necə və hara xərclədikləri ilə bağlı hesabat, açıqlama, təsviri bir sənəd ortaya qoyub ictimaiyyətə açıqladılarmı? Əlbəttə, yox…

Halbuki istənilən layihənin icrası dövründə QHT tərəfindən müqavilədə göstərilən müddətlərdə iki hesabat təqdim edilməlidir: 1. Layihənin icrası haqqında təsviri hesabat; 2. Maliyyə hesabatı. Azay Quliyev qrantları hansı prinsiplərlə ayırır: dövlətin pulunu talamaq olarmı? Bu barədə dəfələrlə mediada məlumatlar yayılıb. Amma QHT Şurası, xüsusən Azay Quliyev bu barədə qaneedici cavab verməyiblər. Ona görə də bu sualın cavabı üçün son qrant siyahısı, ayrılan vəsaitlər, gülüş doğuran layihə istiqamətləri, həmçinin eyni sahə üçün verilən qrantların məbləğləri arasındakı fərqlər, ən əsası, qrup və tayfabazların daha çox pulla “mükafatlandırılması” halları bu sahənin “yol xəritəsi”i sayıla bilər.

Bu, eyni zamanda, QHT sektorunun “Xaç atası” Azay Quliyevin diqqətçəkən “qrantpaylama prinsipləri”nin nədən ibarət olduğunu da göstərir. Gəlin bu barədə zaman-zaman mediada işıqlandırılan və təkzib olunmayan məlumatlara diqqət edək: Azay Quliyev ilk növbədə: – Öz ətrafı və şəxsi nəzarətində olan QHT-lərə; – Media və ictimai sektorda Azay Quliyevin “sürətli siyasi karyersı” üçün “tər tökən” QHT-lərə; – Ehtyatlandığı, daha dəqiqi, ciddi şəkildə çəkindiyi populyar QHT-lərə; – Ayrı-ayrı nüfuzlu şəxs və qruplara bağlı olan təşkilatlara.

Bir nümunə: ötən parlament seçkiləri öncəsi – 2015-ci il 2-ci maliyyə yardımı müsabiqəsi elan olunarkən, deputatlardan birinin qızına qrant ayrılmışdı. O, seçkilər zamanı portal yaradaraq, seçki aktivliyini, seçicilərin maarifləndirilməsi ilə bağlı işlər görməli idi. Amma həmin sayt seçkilər bitdikdən sonra fəlaiyyətə başladı. Bunu domenin alındığı tarixlə də asanlıqla müəyyən etmək olur. Və məlum olur ki, 2016-cı ilin birinci maliyyə müsabiqəsi zamanı ona yenidən 14 min manat qrant ayrılıb.

Bu, dövlətin puluna həmkarlıq, dostluq, qohumluq prinsipi ilə yanaşmanın bariz nümunəsi deyilmi? Niyə Azay Quliyevdən yazmaq “qadağan”dır? Qısa araşdırmalarımız zamanı məlum oldu ki, QHT Şurasının bir çox tanınmış şəxslərlə münasibəti onun fəaliyyətindəki neqativ halların ictimailəşməsinin qarşısını alır. Xüsusən, media cameəsində çoxsaylı şəxslər QHT Şurasından ya qrant alır, ya da həmin media qurumları ilə Şura bu və ya digər mənada əməkdaşlıq edir. Bu üzdəndir ki, Azay Quliyevi mediada tənqid etmək çətinləşib. Onun haqqında yazan jurnalistlərə hədə-qorxu gəlinir, barələrində müxtəlif böhtanlar yazılır. Hətta ötən il jurnalistlərdən bir neçəsi bununla bağlı məlumat da yaydılar ki, Şuranın əməkdaşları onları həbslə hədələyir, guya buna görə yuxarı dairələrdən razılıq alındığını da deyiblər. Maraqlıdır, prezidentin etimadını doğrultmayan, belə yarıtmaz fəaliyyəti ilə Azərbaycana qarşı olan qüvvələrin əlinə fürsət verən və ən əsası dövlətin pulunu geninə-boluna kimə gəldi pay-püşk edən Azay Quliyev kimə arxalanır?

Onu müdafiə edənlərin, mediada və siyasətdəki “muzdlu yandaş”larının məqsədi nədir: vətənə xidmət, yoxsa dövlətin puluna minnət?.. İstisna etmirik ki, bu yazıdan sonra bizə də təzyiqlər ediləcək, bu və ya digər şəkildə fəaliyyətimizə mane olmaq istəyənlər olacaq. Amma unutmasınlar ki, biz faktların dili ilə danışırıq və yazırıq. Yaxın günlərdə də məhz faktların, rəqəmlərin və hesabatların müqayisəli təhlilini diqqətinizə çatdıracağıq.

Ümid edirik ki, Quliyevin mediadakı və siyasətdəki “muzdlu yandaş”ları bu rəqəmlərdən nəticələr çıxaracaqlar. Adi bir hesablama yetərlidir ki, təkcə parlament seçkiləri dövründə Azay Quliyevin 10-dan çox mediada təbliği gedirdi. Həmin sayt və qəzetlərin MSK-ya təqdim etdiyi reklam şərtləri isə ən azından 200 AZN-dən yuxarı idi. Azay Quliyevin həmin media qurumlarında özünü deputat maaşı ilə reklam etməsi isə absurddur.

Yox, əgər o media qurumları bunu təkzib edəcəklərsə, o zaman onların vergidən yayınma hallarına yol verdikləri üzə çıxacaq ki, bu da əlavə cinayət tərkibi yaradır. Sonda onu da qeyd etmək istəyirik ki, bir neçə gün öncə ölkə başçısı qrantların verilməsində “Vahid pəncərə” sisteminin tətbiqi ilə bağlı fərman imzaladı. Bu həm ölkə xaricindən qrant alanlar, həm də ölkə daxilində qrantları mənasız yerə xərcləyənlər üçün bir növ hüquqi prosedurun müəyyənləşdirilməsidir.

Və ümid edirik ki, dövlət başçısı bununla yanaşı, ölkə daxilində də qrantlarla bağlı islahatlar həyata keçirəcək, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini də ciddi yoxlatdıracaq. Ölkənin belə iqtisadi durumda olduğu bir məqamda adı tanınmayan və heç bir ictimai çəkisi olmayan QHT-lərə qrantların hansı prinsiplə və niyə verildiyini aydınlaşdırmaq üçün məzh dövlətə xeyir gətirən faktor olacaq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə