QHT Quba gənclərinə vətənpərvərlik ruhunu aşıladı
QHT Quba gənclərinə vətənpərvərlik ruhunu aşıladı
05 Oktyabr 2016 / 10:41 / Baxış sayı: 684
Font1 Font2 Font3 Font4
Bizimxeber

QHT Quba gənclərinə vətənpərvərlik ruhunu aşıladıDünən Quba rayonunda Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi tərəfindən (ADİİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının akt zalında keçirilən tədbiri açan filialın Tələbə Gənclər Təşkilatının sədri İlkin Xanlarzadə qonaqları iştirakçılara təqdim edib.

Sonra ADİİM sədri Cavid Şahverdiyev layihə barədə məlumat verərək qeyd edib ki, tədbirlərin təşkilində əsas məqsəd Qubada yaşayan azsaylı xalqların gənc nəsli arasında vətənpərvərliklə bağlı maarifləndirmə işini təşkil etməkdir.

C.Şahverdiyev layihənin fəaliyyət planından söz açıb, bildirib ki, bundan öncə Bakı və Siyəzəndə tədbir keçirilib. Oktyabrın 3-4-ü Qubada, noyabr ayında isə Qusar və Xaçmazda tədbirlərin keçirilməsi planlaşdırılır: “QHT-lərə Dövlət Dəstəyi Şurası hər il yüzlərlə QHT-ni dövətimizin, millətimizin, xalqımızın milli maraqlarına xidmət edən layihələrini maliyyələşdirir. Vətənpərvərlik mövzusu daim aktual olub ”.

QHT sədri onu da qeyd edib ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü gənc nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu gün milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi qlobal proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Məhz bu amillərin təsiri nəticəsində gənclərin həyat tərzini, dünyaya baxışını, Vətənə, torpağa sayğıdan uzaqlaşmaq təhlükəsi yaranır. Belə anda ən mühüm məsələ kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələsi önə keçmiş olur.

Daha sonra layihənin eksperti Ramin Mahmudov çıxış edib. O gənclərin vətənpərvərlik ruhunda fəaliyyət göstərmələrinin vacibliyindən danışıb.

Bildirib ki, gənclərin lazım olandan artıq dərəcədə dünyəvi dəyərlərə önəm verməsi, onları millilikdən uzaqlaşdırır. Nəticədə onların öz milli kimliyini itirməsi təhlükəsi yaranır. Kosmopolit düşüncə tərzinin hakim olması xalqın sahib olduğu dəyərləri deqradasiyaya uğradır. Gənclərdə milli vətənpərvərlik hissləri güclü olmalıdır. Bizim gənclərimizin vətənpərvər olmaları isə xüsusilə vacibdir. O mənada ki, torpaqlarımız işğaldadır, məcburi köçkünlərimiz var, qız-gəlinlərimiz əsirlikdədir. Torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmalıdır.

Tədbirdə tələbələrin də fikirləri dinlənilib, layihə rəhbərliyinə ünvanlanan suallar cavablandırılıb. Sonra tədbir iştirakçılarına ADİİM tərəfindən çap edilən layihə ilə bağlı maarifləndirmə məqsədi daşıyan bukletlər paylanılıb.
QHT Quba gənclərinə vətənpərvərlik ruhunu aşıladı.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə