Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Qəzənfər Ağayevin bu kəndən xəbəri varmı? – GİLEY

50593 oxunma | Tarix: | 2 ay öncə

Azərbaycanın Astara rayonu, Sekaşan kəndində işığı sonuncu dəfə 1994-cü ildə görüblər. O zaman köhnə transformator yanıb, yenisini isə quraşdırmayıblar, təmir olunacağını vəd ediblər, nəticədə isə transformator kəndin girəcəyində atılıb qalıb. Yerli sakin Nəsibə Şahmuradovanın dediyinə görə, hazırda 21 yaşı olan oğlu işıqsız böyüyüb.

Kənd Azərbaycanın cənub-şərqində, dağların arasında yerləşir. Yerli sakinlər danışırlar ki, əvvəllər kənd daha böyük olub, burda 80-ə yaxın ailə yaşayıb. Elektrik verilməsi kəsiləndən sonra, demək olar ki, bütün yerli sakinlər Sekaşanı tərk edib. İndi burda dörd ailə yaşayır. “İmkanı olan hər kəs köçüb gedib. Çoxu qonşu kəndlərdə, rayon mərkəzinə daha yaxın yerlərdə məskunlaşıb. Bizim bu cür imkanımız yoxdur, – Nəsibə Şahmuradova deyir, – elə bu səbəbdən də qalmışıq”.

“Beş kilo ət alırsan, bişirib yeyirsən, bir gün saxlayırsan, növbəti günsə tullamaq məcburiyyətində qalırsan. Bu da cibə ziyandır”, – Sekaşan kənd sakini, üç qız atası Əfqan Əliyev deyir. İki böyük qızı artıq məktəbə gedir. Sekaşanda ibtidai məktəb belə yoxdur, məktəb yaşlı uşaqlar üç kilometr məsafədə yerləşən qonşu kəndə gedirlər. Ev tapşırıqlarını isə qaranlıq düşməmiş etməli olurlar. Yerli sakinlər öz mobil telefonlarını qonşu kəndlərdə yükləyirlər.

Nəsibə Şahmuradovanın yeddi uşağı var, onlardan yalnız ikisi evdə işığın yandığını görüb. Qalanlarını kəndə elektrik verilməsi dayandırıldıqdan sonra dünyaya gətirib və böyüdüb. “Gecənin bir yarısı xəstə uşağa şam işığında dərman verməli olmuşam”, – Nəsibə deyir.

XƏBƏRLƏR:  Badamdar sürüşmə zonasında son vəziyyət: Evlər sökülür?

Sekaşan kəndinin aid olduğu Astara rayonu subtropikin şimal sərhədində yerləşir və öz sitrus meyvələri ilə məşhurdur. Əfqanın bağında limon, portağal və narıngi yetişir. Əfqan bu meyvələri təkcə ailəsi üçün deyil, həm də satış üçün yetişdirir. Bağındakı məhsul, demək olar ki, onun yeganə gəlir mənbəyidir. Amma elektrikin olmaması təsərrüfatı inkişaf etdirməyə də mane olur. Yay builki kimi quraq keçəndə vəziyyət daha da çətinləşir.

“Suvarma üçün ayda 400-500 litr su lazımdır. İşıq olsaydı, quyu qazardım, elektrik nasosu ilə ağacları sulayardım. Su çox olanda məhsul da bol olur, meyvələr də iri olur”, – Əfqan deyir.

2017-ci ildə OPEK-in siyahısında, Azərbaycan neft hasilatı üzrə 50 ölkə arasında 21-ci yeri tutur (günə 769,8 min barrel). Rəsmi məlumatlara görə, 2019-cu ilin avqustunda Azərbaycanda 2,14 milyard kvt.saat elektrik enerjisi istehsal olunub, onun 166,3 milyon kvt.saat elektrik enerjisi qonşu ölkələrə, o cümlədən Gürcüstana ixrac olunub.

Bununla belə, Sekaşan işıqdan məhrum yeganə kənd deyil. Ölkədə 60-dan çox kənd sakinləri işıqsız yaşayır. Astara rayonunda bu kəndlərin sayı beşdir.

Onlardan üçünə 2019-cu ilin aprelində işıq çəkmək qərarı verilib. Bu işə prezidentin müvafiq sərəncamı ilə 1,5 milyon manat (təxminən 883 min dollar) ayrılıb. Sərəncamın icrasına may ayında başlanılıb, köhnə transformatorun yerinə yenisi qoyulub, elektrik dirəkləri qoyulub, amma iş bununla da kor dalana ilişib. Yerli sakinlər kəndlərində tezliklə işığın olacağına sevinməyə macal tapmamış indi də işin ləngiməsindən şikayətlənirlər.

XƏBƏRLƏR:  “O yol icra hakimiyyətinin balansındadır” – Agentlikdən Masallı sakinlərinə cavab gəldi

“Artıq iyirmi gündür ki işləmirlər, üç-dörd gün işlədilər, sonra bir həftə dincəldilər, bir həftə yağış yağdı, iş dayandırıldı, indi yenə yağışlar başlayıb, deyirlər maşında gələ bilmirik. Bəs yayda niyə işləməmisiz?”, – Əfqan Əliyev şikayətlənir.

İşıqsızlıq kənddə yeganə problem deyil. Kəndə qaz da çəkilməyib, suyu çaydan daşıyırlar. Ona görə də 25 ildən elektrik verilişinin bərpa olunacağı xəbəri yerli sakinləri çox sevindirdi. İşıq olarsa, ev də isti olar, ərzaqı da daha çox saxlamaq olar, ağaclar da su görər, – onlar deyirlər.

“Azərişıq” elektrik paylaşdırıcı şirkətindən bildirdilər ki, Astara rayonunun üç kəndində işin tez bitməsi üçün 15 adam ayrılıb. Kəndlərin mürəkkəb relyefdə – meşədə, dağ çaylarının və qayaların arasında yerləşməsi işi çətinləşdirir, burda texnikadan istifadə etmək mümkün deyil, ona görə də əl əməyi ilə şəbəkə qurulur. Şirkətdə onu da bildirdilər ki, Sekaşan kəndində işin, demək olar ki, 90 faizi görülüb, digər kəndlərdə daha az. Oktyabrın sonlarında işi tamamilə bitirəcəklərini bildirirlər.

Əfqan deyir ki, Sekaşan kəndinə işığın çəkilməsini təkcə yerli sakinlər deyil, yuxarı kəndlər də gözləyir. Orda heç vaxt işıq olmayıb. “Onlar Sekaşana köçməyə hazırdırlar, işığın gəlməsi ilə kəndimizdə hər şey başqa cür olacaq”, – Əfqan hesab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir