““Qaçqınkom” da, icra hakimiyyəti də vəziyyətimizdən xəbərdar idilər”
““Qaçqınkom” da, icra hakimiyyəti də vəziyyətimizdən xəbərdar idilər”
29 Noyabr 2016 / 14:54 / Baxış sayı: 1090
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gecə Nizami rayonunda baş vermiş dəhşətli yanğın zamanı 4 ev tamamilə kül olub, bir ailə – ata, ana, 2 azyaşlı ölüb. Virtualaz.org saytının əməkdaşlaı dəhşətli yanğın baş verən ərazidə olublar.

Hadisə təxminən gecə saat 3-də baş verib. Qısaqapanma nəticəsində baş vermis yanğın tez bir zamanda ətrafa yayılıb. Evləri yanan sakinlər hazırda küçədə gözləyirlər. Nizami rayon İcra başçısı Arif Qasımov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov hadisə yerinə baş çəkərkən hamının köçürüləcəyini deyiblər. Amma yanğından saatlar keçsə də, sakinlər üçün yer müəyyənləşdirilməyib.

“Evim tamamilə kül oldu, heç nə çıxara bilmədim. Qonşular paltar veriblər. Gecə saat 4-dən küçədə gözləyirəm”, – Rəna Zamanova deyir.

Onun sözlərinə görə, dəhşətli yanğından xəbərləri olmayıb: “Bir də gördük qapı möhkəm döyülür, açdıq ki, polislərdir Yanğın baş verib, ailə məhv olub, amma küləkdən bizim xəbərimiz olmayıb. Çünki evin hər yeri taxta, lambirin, kartonlarla örtülüb. Külək olarkən səsdən-küydən heç nə eşidilmir”.

Yanğın baş verən əraziyə toplananlar hələ də hadisənin şokunu yaşayırlar. Qadınlardan biri göz yaşı içərisində yanaraq ölən uşaqlardan danışır. “Uşaqlardan biri 4-cü, digəri isə 6-cı sinifdə oxuyurdu. Baxın, 6-cı sinifdə olan uşağın başı bura dəyib, yıxılıb. Onun külünü torbaya yığıb apardılar. Ata-ana görünür xilas ola bilməyəcəklərini biliblər, uşaqları ortaya qoyub qucaqlaşıblar. Yəqin düşünüblər ki, özləri yansalar da, uşaqlar xilas ola biləcəklər. Hamamdaca külə dönüblər”, – qadın hönkürür.

Sakinlər deyirlər ki, 20 ildən çoxdur bu vəziyyətdə yaşayırlar. “Qaçqınkom” da, icra hakimiyyəti də vəziyyətimizdən xəbərdar idilər. Deyirdilər ki, gözləyin, ərazini hansasa şirkət alıb, sizi köçürəcəklər. Amma heç bir şirkət qapımızı döyüb, bizimlə maraqlanmayıb”.

21 ailənin yaşadığı yarımçıq tikiliyə qaz verilməyib, hava soyuduğundan sakinlər elektrik qızdırıcılardan istifadə edirlər. Elektrik xətləri isə pərakəndə çəkilib. “Hava soyuyub, hamı qızdırıcı istifadə edir. Ona görə də tez-tez qısa qapanma baş verib. Dünənki yanğın da qısaqapanmadan olub. Sadəcə, yanğın qapı ağzından başlayıb, hər yan taxta olduğundan tez bir zamanda böyüyüb. 10-12 yanğın söndürən gəlmişdi”, – qonşular deyirlər.

Əli Həsənov sakinlərlə görüşündə tikilinin yerində yeni binanın inşa ediləcəyini deyib. Sakinlər isə deyirlər ki, ailə məhv olandan sonra tikiləcək evin önəmi qalmır. “20 ildir deyirik, gərək ölüm olaydı ki, kimlər isə tədbir görəydi. Axı, bu fəlakətin qarşısını almaq mümkün idi”.

Evi tamamilə yananlardan biri də Rəsmiyə Məmmədovadır. Onun sözlərinə görə, heç nəyini çıxara bilməyib. “Qonşular paltar veriblər. İndi küçədə gözləyirəm ki, hara köçürüləcəyimizi xəbər etsinər”.

Sovetlər dönəmindən tikintisi yarımçıq qalmış tikili qəzalı vəziyyətdədir. Hazırda burda yaşayan digər sakinlərin də həyatı təhlükədədir. Binada qaçqınlarla yanaşı yerli sakinlər də yaşayırlar.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə