Putin Ərdoğana deyib: “Bəsdir, Qarabağda bizimlə inadkarlıq etdiniz…”
Putin Ərdoğana deyib: “Bəsdir, Qarabağda bizimlə inadkarlıq etdiniz…”
31 Avqust 2016 / 16:03 / Baxış sayı: 1274
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə nəşr olunan “Sözçü” qəzetinin yazarı Can Ataklı prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında avqustun əvvəllərində Sankt-Peterburqda keçirilən danışıqların detalları haqda yazıb.

Virtualaz.org xəbər verir ki, müəllif məlumatları “Putinə yaxın, Kremlə girib-çıxan rusiyalı analitikdən” aldığını bildirir. Onun sözlərinə görə, danışıqlarda Putin Ərdoğana 7 şərt irəli sürüb, yaxud  7 təklif verib.

Bu şərtlərdən biri Suriya prezidenti Bəşər Əsədlə bağlıdır. Məlumata görə Putin Ərdoğana Türkiyənin Suriya siyasətinin əvvəldən yanlış olduğunu çatdırıb. “Deyib ki, hesabınızı Əsədin hakimiyyətdən getməsi üzərində qurdunuz, ancaq yanıldınız. Biz Əsədi dəstəkləyirik, siz də artıq israr etməyin və Əsədin mövcudluğunu qəbul edin. Suriya probleminin həllinin Əsəddən keçdiyi ilə razılaşın”-müəllif yazır

Xatırladaq ki, Putin-Ərdoğan danışıqlarından sonra Ankaranın Bəşər Əsəd məsələsində mövqeyi 180 dərəcə dəyişib. Türkiyə rəsmən bəyan edib ki, Bəşər Əsəd Suriya böhranının aradan qaldırılmasına qədər hakimiyyətdə qala bilər və Ankara onun hakimiyyəti ilə işləməyə hazırdır.

Mənbənin türkiyəli yazara çatdırdığına görə Putinin ikinci şərti Qarabağ haqda olub. Sitat: “Qarabağ məsələsində konstruktiv olun. Bu məsələ bizim üçün önəmlidir. Sizin üçün də Azərbaycana görə önəmlidir, bunu bilirik, ancaq artıq yetər, konstruktiv davranın. Bu problemin də həll edilməsi gərəkdir. Bizimlə inad edərək problemi həll etmək yerinə daha da qəlizləşdirirsiniz”.

Bu arada xatırlatmaq lazımdır ki, Putin Ərdoğanla danışıqlardan cəmi iki gün əvvəl Bakıda səfərdə olub, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan prezidenti ilə danışıqlar aparıb. Ərdoğanla görüşdən sonra isə Moskvada Ermənistan prezidenti Serj Sərkisyanı qəbul edib.

Keçmiş amerikalı səfir Metyu Brayza bir neçə gün əvvəl “Atlantc Council” mərkəzinin saytında dərc olunmuş sensasion məqaləsində yazırdı ki, Putin Sərkisyana işğal edilmiş rayonlardan 2-nin boşaldılmasını, əvəzində Azərbaycan və Türkiyə tərəfdən Ermənistana gedən bütün kommunikasiyaların açılmasını təklif edib. İndi türkiyəli yazarın istinad etdiyi məlumat bu planın Putinin Azərbaycan və Türkiyə prezidentləri ilə danışıqlarda müzakirə edildiyini deməyə əsas verir.

Can Ataklının yazdığına görə Putinin üçüncü şərti Türkiyənin Qafqazda və Krımda anti-rusiya fəaliyyətinə son qoymaq olub. Sitat: “Krımda tarixi bağları əsas gətirərək bizim əleyhimizə fəaliyyətləri dəstəkləyirsiniz. Bunu bəzi Qafqaz ölkələrində də edirsiniz. Bunları diqqətlə izləyirik. Düzgün etmirsiniz. Bunlar manasibətlərin düzəlməsinə kömək etmir”.

Putinin dördüncü şərti Orta Asiya respublikaları ilə bağlı olub. Rusiya prezidenti deyib ki, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Özbəkistan MDB-nin üzvüdür, Moskvaya bağlı ölkələrdir. “Sizin agentləriniz bu ölkələrdə kəşfiyyat fəaliyyətləri həyata keçirir və bölgədəki xalqları bizə qarşı təşkilatlandırmağa çalışır, bunları bilirik və izləyirik. Artıq bunlardan əl çəkin. Göz görə-görə sizin bunları etməyinizə imkan verə bilmərik”-müəllif Putinin sözlərini çatdıran mənbəyə istinadən yazır.

Rusiya prezidentinin beşinci şərti Suriyanın şimalında PYD kürd birliyi ilə bağlı olub. Deyib ki, Suriyada əsl təhlükə İŞİD-dir, Türkiyə isə diqqəti PYD-yə yönəldir. “Bunu bilin ki, PYD bizim üçün də önəmlidir. Addımlarınızı atanda buna diqqət edin, əks halda bölgədə arzuolunmaz hadisələr baş verə bilər”.

6-cı şərt Türkiyənin sərhədlərini terrorçulara qapatması, Suriyaya silah və sursat göndərilməsini dayandırmaqla bağlı olub. Putin bildirib ki, Türkiyənin sərhədləri hələ də Rusiyanın maraqlarına qarşı çıxanlar üçün açıqdır və buna son qoyulmalıdır. Nəhayət 7-ci şərt Türkiyə rəsmilərinin Rusiya barədə bəyanatlarında ehtiyatlı olması barədədir. Putin deyib ki, bəzi nazirlərin dediklərini unutmayıb və bu məsələlərdə diqqətli olmaq lazımdır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə