Prezident Təzə Pir məscidinə 5 milyon manat ayırdı
Prezident Təzə Pir məscidinə 5 milyon manat ayırdı
05 Avqust 2016 / 19:30 / Baxış sayı: 780
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Prezidenti İlham Əliyev Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, xalqımızın mənəvi dəyərlərinə, tarixi-dini və mədəniyyət abidələrinə həssas münasibət müasir Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm prioritetlərindəndir. Son illərdə qədim dini abidələrin, ziyarətgahların bərpası ilə bağlı silsilə tədbirlər həyata keçirilib, dini-memarlıq incilərindən Bibiheybət və Əjdərbəy məscidləri, Şamaxı şəhərindəki Cümə məscidi Dövlət tarix-memarlıq abidəsi, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksi yenidən qurulub, Bakı şəhərində “Heydər Məscidi” kompleksi inşa edilib. Ölkə müsəlmanlarının başlıca ibadət mərkəzi olan Təzəpir məscidində dövlətin dəstəyi ilə əsaslı yenidənqurma işləri aparılıb.

Bununla yanaşı, XX əsrin əvvəllərində Bakı şəhərinin mərkəzi hissəsində, əhalinin sıx məskunlaşdığı ərazidə inşa edilmiş Təzəpir məscidi ətrafındakı yol infrastrukturunun hazırda köhnəlməsi və bir çox tikililərin qəzalı vəziyyətə düşməsi nəticəsində məscid yaxınlığında nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti məhdudlaşıb ki, bu da yerli sakinlərin narahatlığına səbəb olub, dindarlar tərəfindən məbədin istifadəsini və ölkəmizin qonaqlarının həmin abidəni ziyarət etməsini xeyli çətinləşdirib.

Təzəpir məscidinin Azərbaycanın və ümumən Qafqazın mühüm dini mərkəzlərindən biri olduğu nəzərə alınaraq imzalanan Sərəncama əsasən, 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işlərinin həyata keçirilməsi üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq beş milyon manat ayrılıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə