Prezident bayram münasibətilə təbrik etdi
Prezident bayram münasibətilə təbrik etdi
09 Sentyabr 2016 / 22:18 / Baxış sayı: 482
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.

Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar.

Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Eyni zamanda məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında islam dininin də müstəsna rolu olmuşdur.

Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Əziz bacı və qardaşlarım!

Bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə