Pirallahıda vəhşilik: Sahibsiz itlər küçədə güllələnir
Pirallahıda vəhşilik: Sahibsiz itlər küçədə güllələnir
31 Avqust 2016 / 13:53 / Baxış sayı: 622
Font1 Font2 Font3 Font4
Bizimxeber

Pirallahı qəsəbəsində sahibsiz itləri günün günorta çağı küçədə güllələyərək öldürüblər. Bu barədə virtualaz.org-a sakinlər məlumat veriblər. 

İtlər M.Əzizbəyov küçəsində, 168 nömrəli məktəbin qarşısında, həm də azyaşlıların keçdikləri yolda öldürülüb və heyvan cəsədləri küçədən yığışdırılmayıb.

Sakinlərin sözlərinə görə, əllərində tüfəng olan şəxslər sahibsiz itlərin kütləvi toplaşdığı yerlərə gələrək camaatın gözü qarşısında heyvanlara atəş açıblar. Bəzi itlər öldürülsə də, digərləri yaralanaraq, qanı axa-axa qaçıb gizləniblər. Bütün küçə heyvan cəsədləri, parçalanmış orqanları ilə doludur. İtlərin bir hissəsi küçədən yığışdırılsa da, bəzi cəsədlər hələ də qalır.

Doğrudur, qəsəbə sakinləri dəfələrlə redaksiyamıza sahibsiz heyvanlardan şikayət edərək, Pirallahının sahibsiz itlərin oylağına çevrildiyini, itlərin qorxusundan küçələrdə hərəkət edə bilmədiklərini, sahibsiz heyvanların hücumuna məruz qaldıqlarını bildirmişdilər.

Hətta bununla bağlı rayon sakinləri Pirallahıda sahibsiz itlərə sığınacaq tikmək üçün meriyaya müraciət etsələr də, köməklik göstərən olmamışdı.

Amma Azərbaycan heyvanların qorunması ilə bağlı Avropa konvensiyasına qoşulub. Bu konvensiyaya görə, sahibsiz heyvanları öldürmək olmaz. Əslində, bu heyvanlar Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmalı və idarənin həyətində olan sığınacağa yerləşdirilməli idilər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə